Marneulidə ən çox qəza Poniçala-Marneuli-Ququti yolunda baş verib
“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən Marneulidə baş vermiş yol nəqliyyat hadisələri barədə məlumat tələb edib. Məlumatda 2018-ci ilin ilk beş ayında (yanvar-may ayları) baş vermiş qəzalar əks olunub.

Ən çox yol nəqliyyat hadisəsi Poniçala-Marneuli-Ququti yolunda baş verib. Marneuli-Sadaxlı yolunda və şəhərin özündə də bir neçə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol nəqliyyat hadisələrinin səbəbləri əsasən içkili vəziyyət, qarşı hərəkət zolağına keçmə, ötmə qaydasının pozulması, maşının texniki nasazlığı, manevr qaydalarının pozulması, sürət həddinin aşılması və məsafənin qorunmamasıdır.

“Marneuli” radiosu Poniçala-Marneuli yolunda baş vermiş yol nəqliyyat hadisələri ilə bağlı Avtomobil Yolları Departamenti ilə əlaqə saxladı. Departamentdən bildirdilər ki, onlar tərəfindən onların səlahiyyətlərinə daxil olan bütün lazımi infrastruktur yaradılıb. Əgər sakinlər hansısa yol nişanlarının qoyulmasını tələb edirlərsə, bunun üçün yerli bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər və məhz bundan sonra meriya Avtomobil Yolları Departamentinə bu barədə məlumat verməlidir.

"Marneuli" Radiosu
Print