Marneuli fermerlər quraqlıq problem ilə qarşılaşıblar

“Həyatyanı sahəmdə kartof və yonca əkmişdim. Təkcə bu iki məhsulun toxum xərci 2000 lari edirdi. Toxumları nisiyə aldım ki, məhsulumu yığıb satım, həm biraz qazanc götürüm, həm də borcumu qaytarım. Amma bütün məhsullarım yanıb külə döndü” .
Bu sözlərin deyən Namiq Hüseynov Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Qaçaqan kəndinin sakinidir. Onun kimi kənddəki əksər fermerlər suvarma suyunun yoxluğu səbəbi ilə məhsullarının məhv olması təhlükəsi ilə qarşılaşıblar.
Buna səbəb Qaçaqandakı fermerlərlə yanaşı Kvemo-Kartli regionunda bir çox kəndlərin də suvarma üçün istifadə etdiyi Xram çayında suyun iyunundan azalmağa başlamasıdır. Xrama isə su Ermənistandakı Debeda çayından gəlib tökülür. Hər iki çayda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində Qaçaqanla yanaşı daha dörd kəndi; Qasımlı, Ağa Məmmədli, Xancıqazlı və Kirəç Muğanlını suvarma suyu ilə təmin edən arx müəyyən ərazilərdə tam quruyub.
Ümumilikdə isə iyundan düşən kəskin istilər səbəbi ilə bütün Kvemo-Kartli regionunda quraqlıq yaşanır. Əsasən etnik azərbaycanlıların yaşadığı bu regionda əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır.

Namiq Hüseynov bildirdi ki, yaranmış problemlə bağlı elə ilk gündən əlaqədar qurumlara müraciət edib. Dövlət qurumlarından fermerlərə problemin tezliklə aradan qaldırılacağı ilə bağlı vədlər verilsə də, vəziyyəti nisbətən yaxşılığa doğru dəyişmək üçün belə heç bir addım atılmayıb:
“Bütün kənd camaatını əmin etdilər ki, problemin həll olmasına çalışırlar. Biz də inanın ümid etdik ki, problem tezliklə aradan qalxar. Amma gördüyünüz kimi bütün kənd camaatının məhsulları tarlalarda yandı. Bu kəndin camaatının əsas dolanışığı da əkin-biçin idi, o da belə oldu, indi biz nə edək?”.
Ümumiyyətlə ölkənin çaylarında suyun səviyyəsi iyun və avqust aylarında bir qədər azalır. Kvemo-Kartlidə fermerlər suvarmada əsasən region ərazidən keçən çaylardan istifdə etdiyindən həmin aylarda su sarıdan sıxıntılar hər zaman yaşanıb. Lakin son illər yağıntıların azalması və kəskin istilər səbəbi ilə quraqlıq probleminə də tez-tez təsadüf olunur.
İllərlə zəhmət çəkib bağ saldığını, qəpik-qəpik pul toplayıb tərəvəzlər üçün toxumlar aldığını deyən Hüsü Vəliyev də məhsullarının böyük qisminin zay olmasından giley edir:
“Bu ilki əkin üçün etdiyim xərclərin hamısı hədər getdi. Mənim kimi bütün fermerlər böyük ziyana düşüb. Suyun olmaması maldarlığa da ciddi ziyan vurub. Su olmadığından yem əkilən sahələr də quruyub və eləcə də mal-qaranı su ilə təmin etmək də müşkül məsələyə çevrilib”.
Digər Qaçaqan kənd sakini “Böyük birlik” ictimai təşkilatının sədri Əsəd Əliyev isə problemin yaranmasında maraqlı tərəflərin olduğunu iddia edir. Kənddəki arxın suyun qarşısının Ermənistan tərəfinin qəstdən kəsdiyini deyən Ə.Əliyev bunu Qaçaqanda əsasən azərbaycanlıların olması ilə əsaslandırır:
“Gürcüstan tərəfi də problem həll etməkdə həvəsli deyil. Məqsəd kəndliləri torpaqdan soyutmaq və öz torpaq sahələrini satmağa məcbur durumda buraxmaqdır. Nəticədə torpaqları qeyri-azərbaycanlılar gəlib alır. Hər il biz belə halların şahidi oluruq. Suyu olmayan kəndli ziyana məruz qaldığına görə, borcunu ödəmək üçün torpağını satmağa məcbur olur. Hər il hektarlarla torpağı qeyri azərbaycanlılar gəlib alırlar”.

Əsəd Əliyevin sözlərinə görə, hazırda 6 mindən çox əhalisi olan Qaçaqan kəndinin əkin sahələrinin təxminən yarısını, 500 hektarını gürcü iş adamları alıb.
Gürcüstan Qarapapaq Türkləri Birliyinin rəyasət heyətinin üzvü olan digər kənd sakini Daşqın Gülməmmədov isə deyir ki, bəzi fermerlər əkin sahələrini xilas etmək üçün suyu pulla almağa məcbur olurlar:
“Suyu kəndlərə xüsusi maşınlar gətirib satır. Biz düşünürük ki, bəzi məmurlar bu problemdə maraqlıdırlar və kəndləri su ilə doğru-dürüst təmin etmirlər ki, camaat pulla almağa məcbur qalsın. Əvvəlki illərdə də belə problem olub, camaat şikayət etdikdən sonra məmurların gəlir məqsədi ilə vəziyyətdən sui-isitfadə etdikləri təstiqini tapıb və kimlərsə işdən çıxarılıb, cəzalandırılıb. Lakin yenə də hər dəfə bu neqativ hallar təkrarlanır”.

Qaçaqan və ona qonşu kəndlərdə suvarma su ilə bağlı yaranmış çətinliyin havaların isti keçməsi ilə əlaqədar olduğunu deyən Marneuli Bələdiyyəsinin Qaçaqan kəndi üzrə nümayəndəsi Ehtiram Əliyev, vəziyyətdən kimlərinsə sui-istifadə edib gəlir əldə etməyə çalışması haqda da iddiaları rədd etdi:
“Kimlərinsə kəndlərə gələn suyu qəsdən əngəlləməsi faktına mən indiyədək rast gəlməmişəm. Ermənilərin suyun qarşısını kəsməsinə gəldikdə isə, mən bu haqda heç nə eşitməmişəm. Illərin təcrübəsi göstərir ki, bu təbii proseslərin nəticəsidir. Istilərin düşməsi ilə əlaqədar olaraq çaylarda su azalıb. Biz hazırda bir növ fövqaladə şəraitindəki kimi işləyirik. Su təsərrüfatı idarəsi ilə birgə çalışırıq növbə ilə bütün kəndlərə su verək”.
Bələdiyyə nümayəndəsi bildirir ki, Qaçaqan kəndində 1000 hektara yaxın əkin sahələri var və daha ciddi suvarma problemi onların təxminən 30 faizində yaranıb. Ehtiram Əliyevin sözlərinə görə, Sovetlər dövründə Kvemo-Kartlidə əkin planlı şəkildə həyata keçirildiyindən bu ərazilərdə su anbarları tikilməsinə ehtiyac duyulmayıb. Bu günədək əhalinin suvarmada əsas istifadə etdiyi mənbələr çaylardır. Müsahibin sözlərinə görə, quraqlıq dövürlərində vəziyyəti stabilləşdirmək üçün kəndlərdə artesian quyularının qazılmasına ehtiyac var.

Qaçaqan sakinləri deyir ki, kənddəki su problem həll edilməsi yubandıqca onlara dəyən ziyanın həcmi də böyüyür. Əgər vəziyyət bir qədər də belə sürərsə, maldarlar da ciddi itgilərlə üz-üzə qala bilər.


Xəyal Əzizov

Print Email
FaceBook Twitter Google