Bu gün, 19 oktyabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclası
keçirildi. İclasda müzakirə olunmaq üçün 7 məsələ çıxarılmışdı.
Bələdiyyə Məclisinin üzvləri bütün məsələlərlə bağlı müsbət qərar
qəbul etdilər.
Bələdiyyə Məclisinin iclası əvvəlcə 5 oktyabr tarixində keçirilməli
idi. Lakin meriyada iclas zalların az olmasına görə təxirə
salınmışdı. Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino
Beridzenin dediyinə görə, iclasın təxirə salınmasına səbəb
meriyanın kiçik iclas zalının Qaçqınlar Nazirliyi tərəfindən
istifadə olunması, böyük zalda isə təmir işlərinin aparılması
olub.
Aparat Bələdiyyə Məclisinin iclasının keçiriləcəyini iki gün bundan
öncə 17 oktyabr tarixində elan edilmişdi. İlk anonsda iclasın
başlanma saatı 12:00 göstərilmişdi. Bələdiyyə Məclisi ötən gün 18
oktyabr tarixində vaxtı dəyişib və iclasın başlama saatı 12:00-dan
11:00-a keçirilib.
Nino Beridze bildirdi ki, iclasın başlama vaxtının dəyişdirilməsi
Prezident seçkilərinin yaxınlaşması ilə əlaqədar olub. Belə ki,
Bələdiyyə Məclisinin üzvləri siyasi şəxslərdir və onlar seçkiöncəsi
təbliğat kampaniyalarında iştirak edə bilərlər. Bu gün isə
Bələdiyyə Məclisi üzvlərinin seçicilərlə mühüm görüşlərinin
keçirilməsi planlaşdırılıb.