Bu gün, 15 noyabr tarixində
Marneuli Mülki Məşğulluq Mərkəzində “Milli azlıqların qadın
nümayəndələrinin ictimai və siyasi həyatda iştirakı” mövzusunda
görüş keçirildi.
“Gürcüstanlı Ermənilər İttifaqı”nın rəhbəri Mariam Arakelovanın
bizimlə söhbəti zamanı bildirdiyinə görə, layihənin məqsədi Kvemo
Kartli bölgəsində mülki inteqrasiya problemləri və etnik/dini
müxtəlifliklə bağlı ictimai maarifləndirmənin artırılmasıdır.
“Biz hesab edirik ki, bu çox mühüm məsələdir. Çünki
ümumiyyətlə qadınlar ictimai-siyasi həyatda passivdirlər və
xüsusilə etnik azlıqlara məxsus qadınlar daha çox passivdirlər.
Beynəlxalq Tolerantlıq və Qadınlar həftəliyi yaxınlaşır. İstəyirik
ki, bölgədəki subyektlər bu baxımdan güclənsin, qadınlar yerli
özünüidarə və hakimiyyət orqanlarının işinə qoşulsunlar, həmçinin
müəyyən əlaqə platforması yaradılsın” – Mariam
Arakelova deyir.
Bugünkü görüşdə yerli özünüidarə nümayəndələri, QHT üzvləri və
maraqlanan şəxslər iştirak edirdi. Görüş “Tolerantlıq, mülki
maarifləndirmə və inteqrasiyaya dəstək” proqramı çərçivəsində
keçirilirdi. Proqram ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə
dəstəyi ilə Gürcüstan BMT Assosiasiyası tərəfindən həyata
keçirilir.