Marneulili gənclər "İnsan hüquqları Lalə" mükafatına layiq görülüblər
Marneuli Gəncləri Hollandiya səfirliyi tərəfindən "İnsan Hüquqları
Lalə" mükafatına layiq görülüblər.
Mükafatın təqdimatı 12 dekabr tarixində Tbilisi şəhərində baş
tutub. Vətəndaş cəmiyyəti üçün çalışan fəal gənclər, müxtəlif
təşkilat tərəfindən seçilmiş 9 nəfər gənc arasından ilk 3-yə daxil
olublar.
Mollaoğlu kəndində fəaliyyət göstərən "Yeni Düşüncə İnustutu"
mərkəzinin təsisçiləri Kamran Əfəndiyev və Ariz Daşdəmirli bizimlə
təəssüratlarını bölüşdülər.
"Əvvəlcə belə bir mükafatın tərtib olunmasından bizim
də xəbərimiz yox idi. Hollandiya səfirliyi artıq iki ildir ki,
bizim əməkdaşlıq etdiyimiz Orbeliani Gürcüstan fondunun direktoru
Keti xanımla əlaqə saxlayıb. Ondan xahiş ediblər ki, vətəndaş
cəmiyyəti üçün çalışan tanıdığınız gənclər, fəallar kimlərdir. O,
da Ariz bəy və mənim adımı hallandırıb. Deyib ki, Sadaxlı
bölgəsində iki gənc var və ictimai işlər görürlər. Onlar da bizim
adımızı qeyd ediblər. Səs vermə ilə seçim olunub. Daha sonra
nümayəndələr gəldilər və yerində bizim işlərimizi nəzərdən
keçirdilər, qazandığımız layihələri və kənd üçün etdiyimiz
layihələri gördülər, tanış oldular. İlk 3-yə daxil olduq, bizim
üçün Gürcüstanda yüzlərlə, minlərlə QHT arasında Kvemo Kartlini
təmsil edən Azərbaycanlının olması həqiqətən çox xoş oldu, xoş bir
gecə idi" - deyir Kamran Əfəndiyev.
Mərkəzin digər təsisçisi Ariz Daşdəmirov isə öz təəssüratlarında
qeyd edir ki:
"Biz bu yola 3 il əvvəl bir təşəbbüs qrupu olaraq
çıxmışdıq və belə bir qiymətləndirmə, belə bir mükafat, belə bir
alqış, tərifnamələr gözləmirdik. Sadəcə könüllü olaraq insanlıq
naminə nələrsə etməyə çalışırdıq. Təbii ki, bu gün belə bir mükafat
almaq, bu cür qiymətləndirilmək, sosial şəbəkələrdə dünəndən təbrik
mesajlarının gəlməsi bizim nə qədər sevildiyimizi görmək həqiqətən
qürur vericidir, başqa nə deyə bilərəm ki. İnsan həqiqətən düz
yolda olduğunu dərk edir və daha da həvəslənirsən ki, demək mən düz
yoldayam və bundan sonra bunun iki qat, üç qat artığını
etməliyəm" - deyir Ariz Daşdəmirli.
Xatırladaq ki, Kamran Əfəndiyev və Ariz Daşdəmirov üç il bundan
əvvəl Mollaoğluda fəaliyyətə başlayan "Mollaoğlu İnkişaf
Mərkəzi"-ni, Mollaoğludan sonra isə Xuldərə kəndində də yaradılan
təhsil mərkəzinin təsisçiləridir. Hal-hazırda isə bir araya gələn
təhsil mərkəzi "Yeni Düşüncə İnustutu" adı ilə fəaliyyətini davam
etdirir.