Marneulili gənclər "İnsan hüquqları Lalə" mükafatına layiq görülüblər

Marneuli Gəncləri Hollandiya səfirliyi tərəfindən "İnsan Hüquqları Lalə" mükafatına layiq görülüblər.

Mükafatın təqdimatı 12 dekabr tarixində Tbilisi şəhərində baş tutub. Vətəndaş cəmiyyəti üçün çalışan fəal gənclər, müxtəlif təşkilat tərəfindən seçilmiş 9 nəfər gənc arasından ilk 3-yə daxil olublar.

Mollaoğlu kəndində fəaliyyət göstərən "Yeni Düşüncə İnustutu" mərkəzinin təsisçiləri Kamran Əfəndiyev və Ariz Daşdəmirli bizimlə təəssüratlarını bölüşdülər.

"Əvvəlcə belə bir mükafatın tərtib olunmasından bizim də xəbərimiz yox idi. Hollandiya səfirliyi artıq iki ildir ki, bizim əməkdaşlıq etdiyimiz Orbeliani Gürcüstan fondunun direktoru Keti xanımla əlaqə saxlayıb. Ondan xahiş ediblər ki, vətəndaş cəmiyyəti üçün çalışan tanıdığınız gənclər, fəallar kimlərdir. O, da Ariz bəy və mənim adımı hallandırıb. Deyib ki, Sadaxlı bölgəsində iki gənc var və ictimai işlər görürlər. Onlar da bizim adımızı qeyd ediblər. Səs vermə ilə seçim olunub. Daha sonra nümayəndələr gəldilər və yerində bizim işlərimizi nəzərdən keçirdilər, qazandığımız layihələri və kənd üçün etdiyimiz layihələri gördülər, tanış oldular. İlk 3-yə daxil olduq, bizim üçün Gürcüstanda yüzlərlə, minlərlə QHT arasında Kvemo Kartlini təmsil edən Azərbaycanlının olması həqiqətən çox xoş oldu, xoş bir gecə idi" - deyir Kamran Əfəndiyev.

Mərkəzin digər təsisçisi Ariz Daşdəmirov isə öz təəssüratlarında qeyd edir ki:

"Biz bu yola 3 il əvvəl bir təşəbbüs qrupu olaraq çıxmışdıq və belə bir qiymətləndirmə, belə bir mükafat, belə bir alqış, tərifnamələr gözləmirdik. Sadəcə könüllü olaraq insanlıq naminə nələrsə etməyə çalışırdıq. Təbii ki, bu gün belə bir mükafat almaq, bu cür qiymətləndirilmək, sosial şəbəkələrdə dünəndən təbrik mesajlarının gəlməsi bizim nə qədər sevildiyimizi görmək həqiqətən qürur vericidir, başqa nə deyə bilərəm ki. İnsan həqiqətən düz yolda olduğunu dərk edir və daha da həvəslənirsən ki, demək mən düz yoldayam və bundan sonra bunun iki qat, üç qat artığını etməliyəm" - deyir Ariz Daşdəmirli.

Xatırladaq ki, Kamran Əfəndiyev və Ariz Daşdəmirov üç il bundan əvvəl Mollaoğluda fəaliyyətə başlayan "Mollaoğlu İnkişaf Mərkəzi"-ni, Mollaoğludan sonra isə Xuldərə kəndində də yaradılan təhsil mərkəzinin təsisçiləridir. Hal-hazırda isə bir araya gələn təhsil mərkəzi "Yeni Düşüncə İnustutu" adı ilə fəaliyyətini davam etdirir.



"Marneuli" Radiosu
Print