Bələdiyyə Məclisi Abazovun istefa məktubunu 3 dəqiqə 43 saniyə ərzində arayış qismində qəbul etdi
Marneuli Bələdiyyə Məclisi Temur Abazov
tərəfindən vəzifəsini tərk etməklə bağlı ərizəsini arayış şəklində
bu gün, 14 fevralda qəbul etdi.
Bələdiyyə Məclisinin 3 dəqiqə 43 saniyə davam
edən növbədənkənar iclasında müzakirə olunacaq yalnız bir məsələ
var idi.
Marneulinin keçmiş meri səlahiyyətini dayandrımaqla bağlı ərizəni
Bələdiyyə Məclisinə 12 fevralda təqdim edib. Gürcüstan
qanunvericiliyindən irəli gələrək onun səlahiyyəti ərizənin
qeydiyyata alınmasının ikinci günü, 13 fevralda dayandırıldı.
Abazovun səlahiyyətinin dayandırılmasından sonra Mərkəzi Seçki
Komissiyası növbədənkənar seçkilərin tarixini təyin edəcək və
nəticədə Marneuli yenidən seçkiqabağı kampaniya prosesinə
qoşulacaq.
Abazov vəzifəsini 15 fevrala qədər tərk etdiyinə görə, mer
seçkiləri 2019-cu ilin may ayında keçiriləcək. Ola bilsin onun
qərarı bu tarixlə də əlaqədardır. Çünki Gürcüstan seçki məcəlləsinə
əsasən əgər mer səlahiyyətlərini 15 iyuldan 15 fevrala qədər
dayandırıbsa, növbədənkənar seçkilər may ayında keçirilməlidir.
Əgər Abazov ərizəni 15 fevraldan sonra yazsaydı, seçkilər oktyabrda
baş tutacaqdı.
Bələdiyyə Məclisi ilk olaraq 13 iyunda prokurorluq tərəfindən Elçin
Allahevrdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarda ittiham
olunan zaman onun hüquq-səlahiyyətlərini dayandırmışdı.
Abazov yeddi ay ərzində həbsdə olub. Dekabrda məhkəmə onu girov
qarşılığında azad edib. Məhkəmə prosesi hələ də davam edir.