İNTİHAR – Gündəlik həyatımızda biz
intihar xəbərləri ilə tez-tez rastlaşırıq və əminəm bu hər kəsi çox
narahat edir. Qeyd edim ki, intihar bütün dünya üçün çox böyük bir
problemdir. Bu problemin böyüklüyünü başa düşmək üçün isə sadəcə
rəqəmlərə baxmaq kifayətdir.
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) yayımladığı hesabatlara görə
dünyada hər 40 saniyədə bir insan intihar edir.
Bu isə hər il
ortalama 800 mindən çox insanın intihar edərək canına qəsd etməsi
deməkdir. Araşdırmalara görə bu rəqəmin 2030-cu ilə qədər 1
milyonun üzərində olacağı ehtimal edilir. Maraqlısı isə dünyada ən
çox intihar edən şəxslərin 19-25 yaş arası gənclər olmasıdır.
Gürcüstanda da vəziyyət dünyanın geri qalanından heç də fərqli
deyil. Daxili İşlər Nazirliyinin rəsmi saytında 2017-ci ildən,
2021-ci ilin İyun ayına qədər intihar və intihara cəhd etmə
hadisələrinin rəsmi statistikası yerləşdirilib.
Daxili İşlər Nazirliyinin rəsmi statistikalarına görə
Gürcüstanda:
2017-ci ildə:
- 365 nəfər intihar edib
- 265 nəfər intihara cəhd edib
2018-ci ildə:
- 389 nəfər intihar edib
- 477 nəfər intihara cəhd edib
2019-cu ildə:
- 377 nəfər intihar edib
- 494 nəfər intihara cəhd edib
- 2020-ci ildə
- 380 nəfər intihar edib
- 552 nəfər intihara cəhd edib
- 2021-ci ilin Yanvar-İyun ayları arasında:
- 225 nəfər intihar edib
- 255 nəfər intihara cəhd edib
Daxili İşlər Nazirliyinin rəsmi saytında yayımlanan statistikadan
da görünür ki, Gürcüstanda hər il intihar edən insanların sayı
azalmaq əvəzinə artmaqdadır və ölkəmizdə ortalama hər günə 1 insan
intihar edir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) statistikalarına
görə Qafqazda Rusiyadan sonra ən çox intihar hadisəsinin baş
verdiyi ölkə məhz Gürcüstandır.
İnsanları intihara aparan səbəblər əsasən ağır sosial-iqtisadi
vəziyyət, ailə daxili münaqişələr, şəxsə qarşı təhdid və onu
alçaltmaq, məcburi evlilik və insanların azadlıqlarının
məhdudlaşdırılması, müəyyən psixoloji problemlər və s. kimi
səbəblərdir.
Çox təssüflər olsun ki, Gürcütanda xüsusilə ailədaxili
münaqişələrdən və məcburi evlilik hallarından sonra baş vermiş
intihar hadisələri çox dərindən və lazımınca araşdırılmır. Bəzən
hüquqmühafizə orqanları özləri belə insanlara qarşı zorakılıq
törədərək, təhdid və təzyiq edərək onların intihar etmələrinə səbəb
olurlar. Qeyd edim ki, Gürcüstan cinayət məcəlləsinin 115-ci
maddəsinə görə insanları intihar həddinə çatdırmaq cinayətdir və 2
ildən 4 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərda
tutur.
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) tövsiyyələrinə və
cağırışlarına baxmayaraq dünyanın bir çox ölkəsində o cümlədən
Gürcüstanda hələ də intiharın qarşısının alınması proqramı
yaradılmayıb.
Düşünmək belə çox acıdır bizim ətrafımızda hər gün insanlar intihar
edərək öz həyatlarına son qoyurlar biz isə istər cəmiyyət olaraq,
istərsədə dövlət olaraq sadəcə baş verənləri xəbər olaraq izləyib,
öz həyatımıza davam edirik.
Müəllif: Naşir Orduxanov
Mənbə: Pəncərə