Yəqin ki, məşhur “O olmasın, bu olsun” filmindəki keçi ilə bağlı
epizod yadınızdadır.
Qoçu Əsgərin keçisi bazarda sahibi kimi ağayana gəzir, yetənə
yetir, yetməyənə buynuz atır, ürəyi istədiyini, ağzı çatdığını dədə
malı kimi yeyib dükan sahiblərini heç quyruğuna da almır. Amma bir
gün bu keçinin də qulağını burub mələdən tapılır. Sahibinin
qoçuluğundan ilhamlanaraq dükana soxulub kişmişi
yeyən keçinin
qulağından tutub buran tacir ona adam dilində müraciət edərək
deyir: “Keçi, ay keçi, bu ehsan deyil, ay heyvanın biri, deyirəm
sənə çıx get”. Tacir bu sözləri, bəlkə də, keçinin sahibinə
ünvanlayır, yəni a qızım sənə deyirəm, a gəlinim sən eşit. Gəlin
eşitdikdə isə bazar qarışır bir-birinə, o boyda camaat bir dılğır
keçinin zibilinə düşür, daha doğrusu, keçinin yox, keçinin buynuzlu
sahibinin...
Bu yazının qəhrəmanı isə keçi yox, inəkdir, dəqiq desək,
inəklərdir. O inəklər ki, şəhərin bütün parklarını (qeyd edim ki,
Qardabanidə irili-xırdalı üç istirahət parkı var) Qoçu Əsgərin
keçisi kimi ağayana gəzib-dolaşırlar; yeni əkilmiş dekorativ
ağacları, kolları yeyirlər; oturacaqlara, işıq dirəklərinə
sürtünərək qaşınırlar; daş döşənmiş cığırları, yolları, uşaqlar
üçün oyun meydançalarını batırırlar və üstəlik acıq verirlərmiş
kimi ağacların kölgəsində uzanıb yedikləri dekorativ kolların,
ağacların bahalı qalıqlarını mədələrindən ağızlarına qaytararaq
həyasızcasına gövşəyirlər. Elə bil parkda yox zoparkdadırlar.
Şəhərin sakinlərinin tez-tez rast gəldiyi bu mənzərəyə biganə
qalmayanlar bu həyasız inəkləri parklardan qovmasalar axşama kimi
beləcə öz keflərində-damaqlarında olurlar, axşam da durub gedirlər
öz tövlələrinə.
Bəlkə də inanmayacaqsınız, amma vallah, billah, mən bu inəkləri
2011-ci ildən görürəm, o vaxt da eynən indiki kimi şəhərin
mərkəzində yerləşən, ortasında gürcü və azərbaycanlı dostluğunu
simvolizə edən tar və çonquri abidəsi olan susuz fantanın ətrafında
beləcə fırlanırdılar. Hətta, şəkilləri gənclərin nəşr etdirdiyi
jurnalda da verilmişdi. İnanmayanlara o jurnalı göstərə də bilərəm.
Bəlkə inəklər də elə həmin inəklərdir.
Həmin inəklər demiş, görəsən bu inəkləri “qanunu pozduqlarına” görə
niyə “cərimələmirlər”? Axı parklarda, istirahət yerlərində iri və
xırdabuynuzlu mal-qaranın otarılması və ya sahibsiz otlaması,
həmçinin itlərin xaltasız və ağızlıqsız gəzdirilməsi zamanı
cərimələrin artırılması ilə bağlı qanun layihəsi parlamentə yenicə
təqdim olundu. Yəni parklara, meydanlara, çimərliklərə inək, qoyun,
keçi (Qoçu Əsgərin qulağından iraq) nəzarətli və ya nəzarətsiz
buraxılarsa sahibi 100 lari dəyərində cərimələnəcək, bu da indiki
qiymətlə əlli litr su qatılmamış xalis süd deməkdir. Yəqin bu qayda
Qardabaninin inəklərinə, qoyunlarına, keçilərinə aid deyil, ya da
Qoçu Əsgərin bazarı bir-birinə qatıb səs-küy salmasından qorxaraq
hamı susur, yoxsa parklarda oynayan uşaqlardan tutmuş mərkəzi yolla
hərəkət edən maşınlara qədər maneə və təhlükə törədən bu inəkləri
çoxdan naxıra yollamışdılar...
Bir də ki, inəkdi da, otlayıb çıxıb gedəcək, kaş dərdimiz inək
olaydı. Ətini, südünü, qaymağını, pendirini yeyəndə yaxşıdırmı.
“Zato” sən də bahalı dekorativ kolları, ağacları yeyən inəyin
ətini, südünü, qaymağını, pendirini yeyirsən, yəni bu baha başa
gələn ət, süd, qaymaq, pendir yeməklə sən də inəklə bir növ suç
ortağı olursan. Yaxşısı budur, sus, yoxsa inəyin sahibinin əvəzinə
səni cərimələyərlər...
Yazın oğlan çağı idi. Virtuallıqdan çıxıb bir az reallıqda
istirahət etmək üçün mərkəzi parka getdim. Azyaşlı uşaqların
gülüşlərinin səsi, yaşıllıq insanın gözünü, qulağını oxşayırdı.
Uzun yamyaşıl otlar elə gözəl düzülmüşdülər ki, ayaqlamağa adamın
ayağı gəlmirdi. Skamyada oturub yellənçəkdə bir-birini yelləyən
uşaqlara baxırdım. Birdən beş-altı inək özünü parka verərək hürkmüş
halda oyan-buyana qaçmağa başladı, itlər də hürə-hürə inəklərin
dalıyca qaçırdılar. Yaxşı ki, uşaqların valideynləri yanlarında
idi, yoxsa gözləri qızmış, hürkmüş inəklərin ayaqları altında
qalacaqdılar. Valideynlər tez itləri və inəkləri parkdan qovdular.
Uşaqların gülüşündən heç nə qalmamışdı, hamısı ağlaşırdı; yamyaşıl
otlar isə inəklərin dırnaqları altında torpağa qarışmışdı...
O inəklər hələ də şəhərin parklarında, yollarında istədikləri kimi
gəzirlər. Görəsən, Yaponiyada da sakuranı inəklər yeyirmi, itlər
sakura ağacının dibində çuxur qazıb içində yatırlarmı. Görəsən,
harınlamış bu inəklər kimisə öldürməmiş, əzməmiş, zibilə salmamış
onları buruntaqlayacaq kimsə ortaya çıxacaqmı? Yoxsa Qoçu Əsgərin
meydanda keçi oynatdığı zaman hələ bitməyimbi?..
Eh... asma kriptovalyutalar, “NFT”, virtual daşınmaz əmlak, virtual
torpaq alqı-satqısı haqqında oxuduğum məlumatları bölüşəcəkdim.
Qorxuram bu inəklər virtual parklarımıza, əkinlərimizə də
soxulalar.
Müəllif: Azər Musaoğlu
Mənbə: yeniyol.ge