“Gürcüstanda axrıncı dəfə hardasa azərbaycanca kitaba rast
gəldiyimi xatırlamıram”
.
Qardabanı sakini, 41 yaşlı Əlsəftər Atabəyov əvvəllər uzun müddət
Tbilisidə yaşayıb və gəncliyində etnik azərbaycanlıların daha çox
mütaliə etdiyini deyir. Onun fikrinə görə, hazırda Gürcüstanda
Azərbaycan dilində kitabların cüzi sayda olması azərbaycanlılar
arasında mütaliənin azalmasına səbəb olan əsas amillərdəndir:
“Əvvəllər istənilən dildə kitab tapmaq olurdu. Rus, gürcü,
Azərbaycan dillərində kitablar çox idi və mütaliəyə maraq o qədər
böyük idi ki, kitablar əldən-ələ gəzirdi. Amma indi kənd yerin
demirəm, Tbilisidə belə öz dilimizdə kitab tapa bilmirik”.
Əlsəftər Atabəyov kimi orta, eləcə də yaşlı kəsimin nümayəndələri
əsasən kiril əlifbası ilə təhsil aldıqlarından onların bir qismi
yeni nəşr edilən latin qrafikalı Azərbaycan dilli kitabları da
oxumaqda çətinlik çəkirlər. Xüsusən regionlarda etnik
azərbaycanlıların gürcü dilini bilmə səviyyəsinin aşağı olması da
mütaliədə əsas əngəllərdən biridir.
Tbilisinin mərkəzində olduğumuz bir neçə kitab mağazalarında da
Azərbaycanca kitablara rəst gəlmədik. Bunun səbəbini soruşduqda
alıcılıq qabiliyyətinin az olması ilə izah etdilər. Paytaxtın ən
geniş kitab mağazaları şəbəkəsi olan “Biblus”dən də bildirirlər ki,
onlarda hazırda azərbaycanca kitab yoxdur və nə zaman olduğunu da
xatırlamırlar. Kitablar əsasən gürcü dilində olur. Az sayda rus və
ingilis dilində kitablar da satılır.
Fotojurnalist kimi çalışmağa başlayan 18 yaşlı İmran Suleymanov
deyir ki, Tbilisidəki kitab dükanlarında azərbaycanca kitablar
satılmadığından, onları ancaq Azərbaycandan axtarıb tapa bilir.
Bəzən isə türkcə olan kitabları əldə edib oxuyur. O, Gürcüstandakı
etnik azərbaycanlılar arasında oxucu kütləsinin ölkədəki
kitabxanalar tərəfindən də nəzərə alınmadığından gileylənir:
“Bu gün azərbaycanlıların az mütaliə etməsinin əsas səbəbi öz
dillərində kitab tapa bilməməsidi. Mənim kitaba marağım böyükdü.
Amma ölkədəki mağazalarda azərbaycanca kitab tapmaq mümkünsüzdü.
Bizim kitabxanalarda isə azərbaycanca kitablar həm azdı, həm də
əksəriyyəti maraqsızdı. Yaxşı olardı ki, kitabxanalarda
azərbaycancaya çevrilən xarici bestsellər də olsun. Son illər
Azərbaycanda bu cür kitablar kifayət qədər nəşr edilir. Bizim
dövlət kitabxanaları ordan ala bilərlər. Kitabxanalara maraqsız
mövzularda kitab gətirəndən sonra əlbəttə ki, onları oxuyan
olmayacaq”.
Əsasən etnik azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun
sakini Elvir Həsənoğlu Sovet dövründə kitabxanalarda azərbaycanca
xeyli kitabın olduğunu, lakin oların əksəriyyətinin
yığışdırıldığını deyir. Marneuli şəhərində 32 min kitabdan ibarət
Azərbaycan dilli kitabxanada eyni aqibəti yaşayıb:
“Kitabxananın binasını 2007-ci ildə Azərbaycan şirkəti olan
“Ataholdinq” yenidən tikmək adı ilə sökdü. Yeni binada kitabxana
düz 10 il sonra açıldı. Amma ordakı bütün köhnə kitabları hazırda
Mədəniyyət evinin zirzəmisinə atıblar və yarasız hala düşüb. Bəhanə
gətirirlər ki, guya ordakı kitablarda Sovet təbliğatı var. Amma
olsa-olsa o kitabların 5 faizində belə təbliğata rast gəlmək olar.
Bəs qalan kitablar niyə qaytarılmır? Yeni gələn kitablar isə əsasən
Azərbaycanın hazırkı hakim partiyası olan YAP-nın təbliğatına
xidmət edir. Tbilisidə isə ümumiyyətlə Azərbacan dilli kitabxana
yoxdu”.
Tbilisdə yerləşən ən iri kitabxanalardan olan Parlament
kitabxanasının direktoru Levan Taktakaşvili isə azərbaycanca olan
bütün köhnə kitabların yandığını və hazırda onlarda yalnız yeni
nəşir kitabların toplandığını bildirdi:
“Bizim fondda bir neçə dildə, həmçinin azərbaycanca da kitablar
var. Əvvəllər azərbaycanca 30 minlik kitab var idi. Həmin kitablar
erməni kilsəsində saxlanılırdı. Lakin 2002-ci ildə orada baş verən
yanğın nəticəsində həmin kitablar məhv oldu. Bundan sonra biz
yenidən bu fondu formalaşdırmağa başladıq. Azərbaycanın Milli
Kitabxanası ilə əməkdaşlığa başladıq. Hazırda əlimizdə iki mindən
çox kitab var. Bu kitabların bəzilərini bizə hədiyyə olaraq
bağışlayıblar. Bəzilərini isə özümüz almışıq. Bunların arasında
gürcü yazıçı və şairlərə aid kitablar da var. Kitabları əsasən
Bakıdan alırıq. Amma Azərbaycan dilli oxucularımız azdır”.
Lakin Taktakaşvili azərbaycanca kitabların erməni kilsəsində niyə
saxlanıldığını izah edə bilmədi. O, həmin zamanda kitabxanada
işləmədiyini əsas gətirərək məlumatsız olduğunu bildirdi.
Tbilisdə nəşriyyat sahəsi ilə məşğul şirkətlər də azərbaycanca
kitabların az nəşr edildiyini deyir. “Meridian” Nəşriyyat Evinin
direktoru Kaxa Rusidze son vaxtlarda iki dəfə onlara azərbaycanca
kitab nəşri üçün müraciət edildiyini bildirir:
“Bir dəfə Azərbaycanın Gürcüstandakı səfirliyindən, bir dəfə isə
hansısa QHT tərəfindən bizə müraciət olunub və kitabları nəşr
etmişik. Başqa belə sifariş xatırlamıram. Həmin sifarişlərin tirajı
da aşağı olub”.
Tbilis sakini İmran Suleymanov kitabxanalara Azərbaycandakı
müstəqil nəşriyyatlardan kitab almağı və ya ölkədəki nəşriyyatlara
azərbaycanca kitablar sifariş verməyin daha düzgün olduğunu hesab
edir. Belə ki, Azərbaycan hökumətinin hədiyyə etdiyi əksər kitablar
dar məzmunlu olur və daha çox həmin ölkənin milli maraqlarına
hesablanır:
“Gürcüstan kitabxanalarında olan azərbaycanca kitablar əsasən
Qarabağ və bu cür milli mövzularda olur. Bu həm də yerli
azərbaycanlıları gürcüstanlı kimi düşünməkdən yayındırır. Biz bu
ölkənin vətəndaşlarıyıq, buranın cəmiyyətinin gündəmini daha çox
yaxşı bilməliyik. Buna görə də Gürcüstan hökuməti öz kitablarının
nəşrində birbaşa maraqlı olmalıdır”.
Müəllif: jurnalist Rahim Salıyev