2 iyun tarixində yağan güclü yağış nəticəsində Marneuli şəhərinin
Ağmaşenebeli küçəsi 25 ünvanında yaşayan Zeynalovlar ailəsinin
evlərini su basmışdı.
İndi yağış yağan zaman 8 nəfərlik ailə bir otaqlı mənzilərini tərk
edərək, həyətlərindəki tövləyə və yaxud onlara məxsus olan
avtomobilə sığınırlar. Onlar təkrar daşqını olmasından qorxurlar və
bu cür qorunmağa çalışırlar.
Kiçik evdə yaşayan 8 nəfərlik ailənin evlərində olan bütün əşyalar
iki iyun tarixində yağan güclü yağış nəticəsində su altında
qalmışdı. Zeynalovlar ailəsinin evlərini su basdığı zaman aidiyyatı
orqanlar onları müvəqqəti olaraq mehmanxanaya yerləşdirmişdilər.
Mehmanxanada bir neçə gün qaldıqdan sonra ailə evlərinə
qaytarılmışdı. İndi 8 nəfərlik ailə zərər görmüş bir otaqlı nəmli
mənzildə yaşayır.
Zeynalovlar ailəsinin 33 yaşlı sakini Ruslanın sözlərinə görə,
evlərində bütün məişət avadanlıqları, geyindikləri paltarlar və
yaşadıqları mənzil zərər görüb. Yağışlı havada onlar yenidən
evlərini suyun basacağından qorxurlar. O, deyir ki, seldən sonra
komissiya onların evinə gəlib baxış keçirib. Amma bu günədək
meriyadan cavab çıxmayıb və onların vəziyyəti ilə
maraqlanmayıblar.
Hadisədən 18 gün keçməsinə baxmayaraq onlar meriyanın onlara
göstərəcəyi köməyi gözləyirlər. Meriyanın isə əhaliyə dəyən ziyanı
necə qarşılayacağı hələ ki heç kəsə məlum deyil.