Bu gün, 13 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində
Marneuli bələdiyyəsinin Mədəniyyət evindən Nəriman Nərimanovun
adının götürülməsi ilə bağlı görüş keçirildi.
Görüşdə yerli ictimaiyyət nümayəndələri, gənclər və maraqlanan
şəxslər iştirak edirdilər.
Tədbirin təşkilatçılarındanı olan Marneuli sakini Azər Məmmədov
bildirdi ki, küçənin, məktəbin, mədəniyyət mərkəzinin adının
dəyişdirilməsi etnik azlıqlar olan azərbaycanlıları çox narahat
edir və bu diskriminasiya kimi qəbul edilir.
Marneuli sakini Fuad Qəhrəmanov Mədəniyyət Evinin adının nəyə görə
dəyişdirilməsi haqda məlumat almaq üçün Marneuli meriyasına ərizə
ilə müraciət ünvanlamışdı. O, meriyadan Mədəniyyət evinin adının
dəyişdirilməsində təşşəbbüskarın kimlər olduğu və yaxud kim
tərəfindən və nə zaman dəyişdirildiyi haqda məlumat əldə etmək
istəyib.
Marneuli bələdiyyə məclisi tərəfindən isə cavab məktubu
göndərilərək bildirilib ki, indiyə qədər Marneuli bələdiyyə
məclisində Mədəniyyət evi ilə bağlı heç bir müzakirə keçirilməyib
və adın dəyişdirilməsi haqda heç bir məlumat yoxdur.
"Marneuli" Radiosunun arxiv sənədlərində isə
görürük ki, 2003-cü ildə Marneuli bələdiyyəsində N.Nərimanovun
adının müzakirəsi olub və adın qalmasına qərar verilib. Eyni
zamanda büdcədən pul ayrılaraq binanın qarşısındakı yazı lövhəsinin
yenilənməsi nəzərdə tutulub. Bu haqda 2002-2006-cı illərdə Marneuli
şəhər məcilisinin sədri işləmiş İsrafil Bayramov məlumat verdi.
Görüşdə Nəriman Nərimanovun adının yenidən Mədəniyyət Evinə
qaytarılması üçün imza toplama aksiyası keçirilməsi qərara
alındı.