"Bizim kənddə tam orta təhsil almaq imkanı yoxdur"
“Əsas arzum oxuyub hüquq-mühafizə orqanlarında çalışmaq olub. Orta
məktəbdə dərslərimibyaxşı oxumuşam. Amma məktəbimiz natamam orta
təhsil verdiyindən, mənim də arzularım natamam qaldı
”- deyən 19 yaşlı Qəzənfər Yusifov, etnik azərbaycanlıların kompakt
yaşadığı Marneul rayonunun İmir kəndindəki natamam orta məktəbi
bitirib. Azərbaycan dillində tədris verən bu məktəbdə Qəzənfərin
yalnız 9-cu sinfə kimi oxumaq imkanı olduğundan ali məktəbə daxil
olub istədiyi peşəyə yiyələnmək istəyi də gerçəkləşməyib. Deyir
indi kəndin əksər gəncləri kimi günü işsiz, bekar dolanmaqla keçir.
Qəzənfərin sözlərinə görə, kənddəki məktəbi bitirdikdən sonra maddi
imkanı olan ailələr övladlarını, təhsillərini başa vura bilmələri
üçün qonşu kənddəki məktəbə yollayırlar. Amma onun ailəsi gündəlik
yol məsrəflərini qarşılaya bilmədiyindən təhsilini davam etdirmək
mümkün olmayıb:
“Tam təhsil verən orta məktəb kəndimizdən 6-7 kilometr aralıda
yerləşir, həmin əraziyə də avtobus xətti yoxdur. Buna görə də hər
gün həmin məktəbə gedib-gəlmək xərc tələb edir. Gedib gələn uşaqlar
da var, mənim kimi gedə bilməyənlər də”.
Qəzənfər deyir ki, Azəraycan dilində təhsil aldıqlarından gürcü
dilini də yaxşı mənimsəyə bilməyib. Həm orta məktəb təhsilinin
yarımçıq olması, həm də dövlət dilini bilməməsi səbəbindən ən adi
işlərə belə onu işə götürmürlər.
İmir kəndindəki sözügedən məktəbin binası həm də çox köhnə və
şəraitsiz olduğundan, burda təhsil almaq şagirdlər üçün əlavə
çətinliklər yaradır. İstilik sistemi belə olmayan məktəbdə qışda
şagirdlərin davamiyyəti daha da aşağı olur.
Etnik azərbaycanlıların kompakt yaşadığı bölgələrdə Azərbaycan
dilində təhsil verən məktəblərin əksəriyyətində təhsilin keyfiyyəti
gürcü dilin bilən və müxtəlif fənn müəllimlərinin çatışmazlığı,
məktəblərdə şəraiti qənaətbəxş olmaması və digər bu kimi
səbəblərdən gürcü məktəblərinə nisbətən xeyli aşağıdır. Məktəblərin
böyük qismində isə təhsil 9-cu sinfə kimidir. Bu səbəblərdən, hər
il yüzlərlə etnik azərbaycanlı gənc öz arzularını gerçəkləşdirə,
özünü bir potensiallı gənc kimi reallaşdəra bilmir.
Marneuli rayonunun Farizi kəndindəki orta məktəb də natamam təhsil
verir. Artıq 11 ildir bu məktəbi bitirən Fuad Mürvətovun isə arzusu
həkim olmaq idi:
“Məktəbdə dərslərimi yaxşı oxumuşam. Amma kəndimizdəki məktəbi
bitirdikdən sonra təhsilimi davam etdirə bilmədim. Orta təhsilimi
davam etdirmək üçün tam orta təhsil verən başqa məktəbə sənədlərimi
verdim, amma maddi imkansızlıqdan onu bitirə bilmədim. İndi ancaq
fəhləçiliklə, bir də həyatyanı təsərüfatla məşğul oluram”.
Marneuli Bələdiyyəsindəki Avropalı Gürcüstan Fraksiyasının və
Avropalı Gürcüstan Partiyasının Marneulidəki rəhbəri olan Əhməd
İmamquliyev hesab edir ki, etnik azərbaycanlıların təhsil
problemləri həm də siyasi problemdir:
“Bu məsələnin həlli ilə hamı məşğul olmalıdır, amma bizim ictimai
siyasi fəallar passivlik göstərir. Biz dəfələrlə meriaya müraciət
etmişik ki, uzaq məsafədə yerləşən məktəblərə şagirdlərin
gedib-gələ bilməsi üçün xüsusi avtobuslar ayrılsın. Digər
təklifimiz isə ondan ibarət olub ki, həmin o natamam orta
məktəblərdəki şagirdlərdən kimlər təhsilini davam etmək istirsə
onlar üçün digər məktəblərdən müəllimlər cəlb edib onları oxudaq.
Amma çox təəssüflər olsun ki, bizim bu təkliflərimizə mənfi cavab
verilib”.
Əhməd İmamquliyev bildirir ki, etnik azərbaycanlıların təhsil
problemi işsizlik və digər bu kimi problemlərın yaranmasın da ciddi
rol oynayır. Onun sözlərinə görə, bu məsələyə biganə qaldıqca durum
getdikcə daha da pisləşir.
Gürcüstan Parlamentində Milli Hərəkat Partiyasını təmsil edən
deputat Azər Süleymanov isə məsələyə bir qədər fərqli yanaşdı:
“Hazırda Azərbaycan dilli məktəblərə tələbat azalmaqdadır,
valideyinlər övladlarını gürcü dilli məktəblərə qoyur. Bununla belə
əgər valideynlərdən natamam təhsil verən məktəblərin tam təhsil
verməsi ilə bağlı bir təklif gələrsə, insanlar hazırkı duruma
etiraz edərsə, təbii ki, biz də bir müxalifət partiyası olaraq bu
məsələni ictimailəşdirməyə hər zaman hazırıq”.
Qəzənfər Yusifov hələ gənc olsa da, artıq arzularından əlini tam
üzüb. İnidi günəmuzd fəhləçilik etməklə məşğuldur və artıq o da
əksər həmgənliləri olan gənclər kimi taleyi ilə barışdığını
deyir.
Xəyal Əzizov