Gürcüstanın keyfiyyətli təhsildən məhrum kəsimi – azərbaycanlılar
Tbilisidə olduğum 1 il müddətində Gürcüstanda yaşayan etnik azərbaycanlıların bir sıra problemləri ilə yaxından tanış olub, bir jurnalist kimi onlarla şəxsin şikayətini dinləmək imkanım oldu. Xüsusən də azərbaycanlılar yaşayan regionalarda elə bir kəndə rast gəlmıdim ki, orada insanların sosial-iqtisadi sarıdan problemləri olmasın . Amma apardığım müşahidələrdən bu qənaətə gəldim ki, Gürcüstan azərbaycanlılarının ən başlıca problemi təhsillə bağlıdır. Çünki savadsız olduqlarından, ölkə dilini doğru-dürüst bilmədiklərindən öz haqqlarını da qoruya, problemlərinin həllinə nail ola bilmirlər.
İlk vaxtlar mən də bir çoxları kimi azərbaycanlıları savadsızlıqda qınayırdım. Gürcüstana təzə gəldiyim vaxtlarda tanış olduğum hər azərbaycanlıdan niyə yaxşı təhsil alıb Gürcüstan cəmiyyətinə inteqrasiya olmadıqları barədə çoxlu suallar verirdim. Düşünürdüm ki, azərbaycanlıların özləri də savadsılıqda günahsız deyillər və ən azından gürcü dilini normal öyrənə bilərlər. Düşünürdüm ki, azərbaycanlılar Gürcüstanda ən böyük etnik qrup sayılır, amma əksəriyyəti öz ölkəsinin dilini bilmirsə bu normal deyil. Sonra gördüm ki, məsələ tək dillə yekunlaşmır. Təmasda olduğum azərbaycanlıların içərisində gürcü dilini yaxşı bilən amma təhsilsiz, işsiz olan şəxslərə də rast gəldim. Artıq XXI əsrdə olsaq da azərbaycanlıların yaşadığı kəndlərdə hələ də natamam təhsil verən məktəblər mövcuddur. Bu məktəbləri bitirən gənclərin çoxu orta təhsilini belə başa vurmaq şansından məhrumdurlar. Bu səbəbdən də çoxları sonradan özlərinə bir iş tapıb normal həyat qura bilmir. Belə gənclərlə söhbət edərkən onlar düşdükləri durumla bağlı ilk olaraq hökuməti ittiham edirdilər. Çünki əksəriyyəti məsəfə uzaqlığı səbəbindən başqa kənd və rayonlara gedib orda tam orta məktəbdə öz təhsillərini başa vura bilmirlər. Şagirdlər pulsuz nəqliyyatla təmin edilmədiklərindən hər ailə övladının yol xərclərini qarşılamaq iqtidarında olmur. Bu məsələ ilə bağlı Avropalı Gürcüstan Partiyasının Marneuli şöbəsinin sədri Əhməd İmamquliyevlə söhbət zamanı, o bildirmişdi ki, partiya olaraq bu barədə tədbir görülməsi üçün Marneuli meriasına dəfələrlə müraciət edilib. Lakin bir nəticəsi olmayıb. Əhməd İmamquliyevin də dediklərindən bəlli olur ki, öz gələcək arzularından məhrum olan gənclər bunda hökuməti ittiham etməkdə heç də haqsız deyillər. Axı söhbət sadəcə şagirdlər üçün bir avtobusun ayrılmağından gedir.
Bu bir il ərzində azərbaycanlıların kompakt yaşadığı rayonları da gəzmək, buradakı insanların güzaranı və problemləri ilə yaxından tanış olmaq imkanım da oldu. Kəndlərdəki orta məktəblərin böyük əksəriyyətinin bərbad durumda olduğunu, şagirdlərin köhnə, hətta qəzalı binalarda, şəraitsiz vəziyyətdə təhsil aldıqlarını da gördüm. Nəinki istilik sistemi, hətta sinif otaqlarının qapı-pəncərəsi belə olmayan məktəblərə rast gəldim. Kəndlərdə sakinlər həm də təhsilin keyfiyyətindən, ixtisaslı müəllimlərin yoxluğundan da şikayətçi idilər. Bir məktəbdə ki, dərs verən müəllimlərin əksər qismi gürcü dilini bilmir, axı şagirdi necə bu dili bilsin?!
Kəndlərdəki məktəblərin durumu ilə maraqlanarkən dəfələrlə məktəb direktorları tərəfindən təzyiqlərlə də qarşılaşdım. İlk belə halla Marneulinin Sabir kəndindəki natamam orta məktəbdə üzləşdim. Məktəbin direktoru müəllim və şagirdlərlə söhbətimə əngəl olmaq üçün əlindən gələn etdi. Hətta kəndin idman müəllimi ilə birgə məni kəndi tərk edənə kimi izlədi. Sonuncu dəfə isə belə problemlə bu ilin iyun ayında qarşılaşdım. Marneulinin İmir kənd natamam orta məktəbinin direktoru Sabir kənddəki həmkarından daha “qoçaq” olduğunu nümaiş etdirmək üçün mənim hətta məktəbin 100-120 metrliyində durmağıma belə dözümsüzlük göstərdi. Bu olayda məni ən çox üzən hal isə o oldu ki, mənim yaşımdan da çox pedoqoji stajı olan direktor əqli cəhətdən məhdudiyyəti olan kənd sakinini mənə hücuma təşviq etdi. Nəticədə hadisə yerində konflikt yaşanı, hətta Marneuli şəhər Prokurorluğu faktla bağlı araşdırmaya belə başlamalı oldu. Əslində bu olay çox biabırçı hal idi. Özünə müəllim deyən birisinin əqli problemləri olan bir şəxsdən bu formada istifadə etməsi ən yüngül formada desəm ədəbsizlikdir. Və məncə ondan da betəri isə regionalarda yaşayan etnik azərbaycanlıların bu cür əxlaq və düşüncə sahiblərindən təhsil almağa məcbur qalmasıdır. Belə müəllimlərdən dərs alan, bu cür məhdud şəraitlərdə oxuyan şagirdlərdən çox şey gözləmək, onları savadsızlıqda qınamaq isə haqsızlıq olardı. Azərbaycanlıların təhsil sahəsindəki problemlərinin tam mənzərəsini aydın gördükdən sonra, özümün də nə vaxtsa Gürcüstan azərbaycanlılarına qarşı haqsız olduğumu dərk etdim. Bu gün etnik azərbaycanlılara qarşı ən böyük haqsızlığı isə hökumət etmiş olur, onları ən vacib haqqları olan keyfiyyətli təhsildən məhrum etməklə.

Xəyal Əzizov

Print Email
FaceBook Twitter Google