Batumidə bir nəfəri yaralama faktına görə bir şəxs saxlanılıb
DİN-in sağlamlığa qəsdən ağır xəsarət yetirmək və odlu silahın qeyri-qanuni şəkildə alınması-saxlanılması-gəzdirilməsi ittihamı ilə bir nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyindən “İnterpresnyus”a verilən məlumata görə, Acarıstan Polis Departamentinin əməkdaşları hakimin qərarı əsasında sağlamlığa qəsdən ağır xəsarət yetirmək və odlu silahın qeyri-qanuni şəkildə alınması-saxlanılması-gəzdirilməsi ittihamı ilə 1991-ci ildə anadan olmuş, keçmişdə də məhkum olmuş V.M.-ni saxlayıb. Onu törətdiyi cinayətə görə 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

İstintaq müəyyən etmişdir ki, saxlanılan şəxs bu ilin sentyabr ayının 15-də Batumidə, Luka Asatiani küçəsində qarşılıqlı mübahisə zəminində odlu silahdan atəş açaraq 1971-ci ildə anadan olmuş A.T.-ni bir neçə yerindən yaralamış və hadisə yerindən qaçıb gizlənmişdir. Yaralanmış şəxs xəstəxanaya aparılıb. Onun həyatı üçün təhlükə yoxdur. Cinayətdə istifadə olunmuş “Makarov” tipli tapança maddi dəlil kimi müsadirə olunub.

Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır xəsarət yetirilməsi və odlu silahın qeyri-qanuni şəkildə alınması-saxlanılması-gəzdirilməsini nəzərdə tutan 117-ci maddəsinin birinci hissəsi, 236-cı maddəsinin 3-cü və 4-cü hissəsi ilə istintaq davam edir.

Print Email
FaceBook Twitter Google