Faşist hərəkatın liderini məhkəmədə 15-dək vəkil müdafiə edir
Gürcüstanda fəaliyyət göstərən faşist ideologiyalı təşkilatın lideri Qiorqi Çelidzeni məhkəmədə 15-dək vəkil müdafiə edir.
Çelidzenin ilkin məhkəməsi bu gün keçirilir.

Vəkillər prosesin onların hamısının yerləşə biləcəyi daha böyük zalda keçirilməsini tələb ediblər. Məhkəmə bütün vəkillərə söz verməyi planlaşdırır.

Yenilənib – Məhkəmə vəkillərin tələbini yerinə yetirib və prosesi daha böyük zala keçirib.

“Gürcüstan hüquq tarixində kimisə bu qədər vəkilin müdafiə etdiyi olmayıb. Əgər lazım gələrsə, Vəkillər Assosiasiyasına, həmkarlar ittifaqına zəng vuracağam və daha çox vəkil gətirəcəyik. Çünki Qiorqi Çelidzenin həbs olunması ilə Gürcüstanın milliliyi təhlükə altına düşür”, - deyə vəkil Qoça Tğeşelaşvili bildirib və əlavə edib ki, bu qədər vəkil məhkəməyə “Saakaşvilini müdafiə etmək üçün belə gəlməz”.

Məhkəmə başlayanadək Çelidzenin tərəfdarları aksiya da keçiriblər.

Polis Çelidzeni Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinə əsasən saxlayıb. Həmin maddə silahın qanunsuz olaraq əldə edilməsi-saxlanılması-gəzdirilməsini nəzərdə tutur. Onun barəsində ilkin həbs qətimkan tədbiri seçilib. Çelidze ittihamı qəbul etmir və qanunsuz olaraq həbs olunduğunu düşünür.

Qeyd – Məhkəmə iclası başlayanadək vəkillərdən biri bildirdi ki, Çelidzeni 15-dən artıq vəkil müdafiə edəcək. Lakin məhkəmə zamanı aydın oldu ki, yalnız 12 vəkilin müvafiq səlahiyyəti var, onlara daha sonra bir vəkil də qoşuldu. Buna görə də məqalənin başlığı dəyişdirilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google