Vəkil – Bu mərhələdə Temur Abazovun işi ilə bağlı prosessual razılaşma müzakirə olunmur
Rustavi şəhər məhkəməsində
Marneulinin sabiq meri Temur Abazovun işi ilə bağlı ilkin məhkəmə
iclası keçirilib. İclası hakim Ketevan Luaşvili aparıb. Bugünkü
iclasda ekspert-kriminalistlər və həkim-psixiatrlar
dindirilib.
“Bugünkü prosesdə ittiham
tərəfindən üç şahid – sözügedən işlə bağlı psixoloji, bioloji və
tibbi ekspertiza aparan ekspertlər dindirilib. Onlar verdikləri
ekspertiza rəyinin doğruluğunu tamamilə təsdiqləyiblər. Onların
ifadələri ittiham tərəfi üçün mühüm dəlildir”, – işin prokuroru
Qiorqi Lobcanidze bildirib.
Müttəhimin ailə üzvləri tərəfindən mümkün prosessual razılaşma ilə
bağlı yayılan məlumatı təsdiqləyib-təsdiqləmədikləri barədə suala
prokuror belə cavab verib: “Müttəhimin danışıqlar aparmaq arzusunda
olduğu bizə məlumdur, lakin bu proses hələ başlamayıb. Rəsmi olaraq
müraciət olmayıb.”
Vəkil Merab Çikovani bildirib ki, bioloji ekspertiza nəticəsində
Elçin Allahverdiyevin sidiyi olan stəkanda Temur Abazova məxsus
bioloji material aşkarlanmadığı şübhəsiz şəkildə təsdiq olunub.
“Onun genetik iştirakı aşkar olunmayıb. Həmçinin tibbi məhkəmə
eksperti də dindirilib. O, bəyan edib ki, Elçin Allahverdiyev sol
qulağında qeydə alnımış qançırları ayın 11-də də almış ola
bilərdi.
Bu mərhələdə prosessual razılaşma müzakirə olunmur. Lakin hüquqi
olaraq həm ittiham tərəfi, həm də müdafiə tərəfi prosessual
razılaşma imzalaya bilərlər. Hələlik cənab Temurla bu məsələ
müzakirə olunmur”, – Merab Çikovani deyib.
Temur Abazovun işi ilə bağlı ilkin məhkəmə iclası 13 dekabr
tarixində davam edəcək.
Məhkəmə Marneuli sakini Elçin Allahverdiyevə qarşı həyata
keçirilmiş alçaldıcı və qeyri-insani rəftar faktına görə
saxlanılmış keçmiş mer barəsində 14 iyun tarixində həbs qərarı
vermişdi.
Temur Abazova qarşı Gürcüstan Cinayət Məcəlləsinin 144.3-cü
maddəsinin 2-ci hissəsinin “a” bəndi və 25, 157.1-ci maddəsinin
birinci və ikinci hissələri ilə, bu işlə bağlı ittiham olunan
A.Allahverdiyev, A.Süleymanov və E.Quliyevə qarşı isə Gürcüstan
Cinayət Məcəlləsinin 126-cı maddisinin 1.1-ci hissəsinin “b” bəndi
ilə cinayət işi qaldırılıb.