Toyuq dünyası: dünyanı fəth etmiş quş
Londonun arxeoloji qazıntı aparılan yerlərində tapılmış toyuq sümükləri bu gün hamımızın yaxşı tanıdığı bir quşun öz əcdadlarından nə dərəcədə fərqləndiyini nümayiş etdirir.

Alimlərin fikrincə, istənilən vaxt 23 milyard toyuq "əhalisi" olan planetdə, bu quş ətraf mühitə münasibətimizin bir növ rəmzinə çevrilib.

Təkamül adətən milyonlarla illərin ərzində baş verir, lakin toyuq daha sürətlə dəyişilib.

Digər tərəfdən supermarket toyuğunun yüksəlişi vəhşi quşların süqutunu əks etdirir.

Leicester Universitetinin alimi, geoloq Carys Bennet deyir ki, indi toyuq elə təkcə sayına görə bütün quş növlərindən çoxdur:

"Biz hətta deyə bilərik ki, toyuqların planetində yaşayırıq".



Toyuq rəqəmlərdə:
  • 65.8 milyard - təkcə 2014-cü ildə dünyada bu qədər toyuq kəsilib. Bu, 1,5 milyard donuz və 0, 3 milyard malqara ilə müqayisədə böyük rəqəmdir
  • 25,500 - dünya boyunca bu qədər mağazada qızardılmış toyuğun populyar brendi satılır
  • 70% - 2006-cı ilin göstəricilərinə görə broylerlərin bu qədər faizində toyuqlar intensiv üsulla yetişdirilir
  • 5 həftədən 7 həftəyədək müddət broyler toyuğunun ömür uzunluğudur
  • 3-5 milyard - 1800-cü illərdə ən geniş yayılmış quş növünün - gəzəyən göyərçinin sayı bu qədər idi


Alimlər toyuğun illər ərzində necə dəyişməsini araşdırıblar və deyirlər ki, bu quş bu geoloji dövrün simvoludur.

Biz Antroposen dövrünə qədəm qoymuşuq.

Bu dövrdə insan qlobal iqlim və ətraf mühitin dəyişməsində dominant rol oynayır.

Doktor Bennet deyir ki, insan fəaliyyəti Yerin landşaftını, okeanları, atmosferi və yer səthini dəyişdirib:

"Dünyada ən geniş yayılmış onurğalı canlı olan və biologiyası insan tərəfindən formalaşdırılmış müasir toyuq bizim dəyişmiş biosferimizin simvoludur".

Alim deyir ki, gələcək nəsillər zəmanəmizin süxurlarını araşdıranda çox güman çox sayda tənəkə qablar, şüşə butulkalar, bir vaxtlar plastik adlanan materialın qalıqlarını və əlbəttə toyuq sümüklərini tapacaqlar.

Əhliləşdirilmiş heyvanlar hazırda quruda yaşayan heyvan populyasiyasının böyük əksəriyyətini təşkil edərək təbii dünyamızı formalaşdlırır.

Müasir toyuq vətəni Cənub-Şərqi Asiya olan qırmızı cəngəllik toyuğu - Galloanserae-dan əhliləşdirilib.

Bu əhliləşdirmə təxminən 8 min il əvvəl baş verib. Bunun ardınca onun ətindən və yumurtasından qidalanma üçün istifadə olunmağa başlanıb.

1950-ci illərdə daha iri cinslərin yetişdirilməsi məqsədilə "sabahın toyuğu proqramı" elan edilib.

O zamandan bəri toyuq fövqəladə dəyişikliyə məruz qalıb.

Seçmə üsulu vasitəsilə daha sürətlə ətlənən toyuq cinsləri yetişdirilib.

Bunu tapılmış toyuq sümüklərinin kimyəvi tərkibi və genetik quruluşu da göstərir.

Bir vaxtlar qiymətli təam sayılan qızardılmış toyuq indi qlobal yeyinti sənayesinə çevrilib.

Araşdırmanın nəticələri Royal Society Open Science dərgisində yerləşdirilib.

Print Email
FaceBook Twitter Google