Smitləri mən öldürməmişəm, iki nəfər xarici kişi idi, onlar öldürüb – Malxaz Kobauri

Xada dərəsində Amerikalı ər-arvad və onların 4 yaşlı uşaqlarının qətlində ittiham olunan çoban, 19 yaşlı Malxaz Kobaurinin dediyinə görə, Smit ailəsinin üzvlərini o, öldürməyib.

Onun Msxeta rayon məhkəməsində bildirdiyinə görə, hadisə yerində iki xarici vətəndaş olub. Qətli onlar yerinə yetirib və onu da hədələyiblər.

“Onları mən öldürməmişəm, iki xarici vətəndaş var idi, onlar öldürüb və məni də hədələyiblər, qardaş-bacını öldürəcəyik dedilər”, - birinci kanal müttəhimdən sitat gətirir.
Hal-hazırda Msxeta rayon məhkəməsi Malxaz Kobauri barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsini müzakirə edir. Prokurorluq onun həbs olunmasını tələb edir.
Malxaz Kobauri Cinayət Məcəlləsinin 109-cu maddəsinin birinci hissəsinin “q”, ikinci hissəsinin “b”, 3-cü hissəsinin “a” və “b” altbəndləri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur ki, bu da xüsusi amansızlıqla, başqa cinayətin gizlədilməsi məqsədilə, əvvəlcədən bilərək həddi buluğa çatmamış şəxsin və iki nəfərin qəsdən öldürülməsi deməkdir.
Prokurorluğun məlumatına görə, istintaq nəticəsində aydın olub ki, 4 iyul tarixində, təxminən saat 11:30 radələrində Duşeti rayonunda yerləşən Xada dərəsində spirtli içkinin təsiri altında olan Malxaz Kobauri turistlərlə - Rayan Smit, onun həyat yoldaşı və 4 yaşlı övladı ilə qarşılaşıb. Onlar dərədə olan şəlalənin yerini göstərməyi xahiş ediblər və Malxaz Kobauri bununla razılaşıb. Müəyyən məsafə qət etdikdən sonra şəlalələrdən birinin yaxınlığında münaqişə zəminində acıqlanan Malxaz Kobauri ov tüfəngindən iki dəfə atəş açmaqla 4 yaşlı övladı və həyat yoldaşının yanında Rayan Smiti öldürüb. Törətdiyi cinayəti gizləmək məqsədilə o, Rayan Smitin həyat yoldaşı və azyaşlı uşağını da öldürmək qərarına gəlir. Qadın xilas olmaq üçün dərə istiqamətinə qaçıb, bu zaman hündürlükdən yıxılaraq dünyasını dəyişib. Bundan sonra Malxaz Kobauri 4 yaşlı uşağı da ov tüfəngindən atəş açaraq qətlə yetirib, cəsədi və gilizləri çaya atıb, uşağın cəsədini isə onlara məxsus əşyalarla birlikdə hadisə yerinə yaxın ərazidə olan qar uçqunu altında təbii olaraq yaranmış mağarada gizlədib və hadisə yerini tərk edib.

Mənbə: reginfo.ge

 

Print Email
FaceBook Twitter Google