Tarix müəlliminin tarixçəsi - "Məktəb mənimçün oksigendir"

“Məktəb mənim oksigenimdir” – 67 yaşlı Maya Məmmədova deyir. Artıq 44 ildir ki, Marneuli 1 saylı ictimai məktəbində tarix müəllimi işləyir. Maya Məmmədova üçün Beynəlxalq Müəllimlər Gününün xüsusi yeri var və o, işlədiyi müddət ərzində ən yaxşı bu günü xatırlayır.

Dərs demək üçün ilk dəfə 10-cu sinfə daxil olarkən 24 yaşı var idi və onda olan emosiyaları hələ də xatırlayır. Tətildə olduğu müddətlərdə məktəbə qayıtmağı səbirsizliklə gözlədiyini yada salır.

"Anamın yanına gedirdim. qızlara dedim ki, bir gündən sonra arxamca zəng edib deyərsiniz ki, yoxlama gəlir, tez qayıt. nə edim, dura bilmirəm" - Maya Məmmədova deyir.

Maya Məmmədova deyir ki, indiki şagirdlərlə işləmək əvvəlkilərə nisbətən çətindir. Lakin peşəsinə olan vurğunluğu onda enerji və həvəs yaradır. Onun dediyinə görə, uşaqlarla işləmək illərdir ki, onun gündəlik həyat tərzinə çevrilib və özünü məktəbsiz təsəvvür edə bilmir.

"Məktəbdən yalnız ölüm ayıra bilər. Uşaqlarsız təsəvvür belə edə bilmirəm. Uşaqları çox sevirəm, işi də çox sevirəm" - Maya Məmmədova deyir.

Beynəlxalq Müəllimlər Gününün qeyd olunmasına 5 oktyabr 1994-cü ildən başlanılıb. Hər il dünyada 100-dən çox ölkədə müəllimlər peşə bayramlarını qeyd edirlər.



Print Email
FaceBook Twitter Google