Vəkil – Bu mərhələdə Temur Abazovun işi ilə bağlı prosessual razılaşma müzakirə olunmur
Rustavi şəhər məhkəməsində Marneulinin sabiq meri Temur Abazovun işi ilə bağlı ilkin məhkəmə iclası keçirilib. İclası hakim Ketevan Luaşvili aparıb. Bugünkü iclasda ekspert-kriminalistlər və həkim-psixiatrlar dindirilib.

“Bugünkü prosesdə ittiham tərəfindən üç şahid – sözügedən işlə bağlı psixoloji, bioloji və tibbi ekspertiza aparan ekspertlər dindirilib. Onlar verdikləri ekspertiza rəyinin doğruluğunu tamamilə təsdiqləyiblər. Onların ifadələri ittiham tərəfi üçün mühüm dəlildir”, – işin prokuroru Qiorqi Lobcanidze bildirib.

Müttəhimin ailə üzvləri tərəfindən mümkün prosessual razılaşma ilə bağlı yayılan məlumatı təsdiqləyib-təsdiqləmədikləri barədə suala prokuror belə cavab verib: “Müttəhimin danışıqlar aparmaq arzusunda olduğu bizə məlumdur, lakin bu proses hələ başlamayıb. Rəsmi olaraq müraciət olmayıb.”

Vəkil Merab Çikovani bildirib ki, bioloji ekspertiza nəticəsində Elçin Allahverdiyevin sidiyi olan stəkanda Temur Abazova məxsus bioloji material aşkarlanmadığı şübhəsiz şəkildə təsdiq olunub.

“Onun genetik iştirakı aşkar olunmayıb. Həmçinin tibbi məhkəmə eksperti də dindirilib. O, bəyan edib ki, Elçin Allahverdiyev sol qulağında qeydə alnımış qançırları ayın 11-də də almış ola bilərdi.

Bu mərhələdə prosessual razılaşma müzakirə olunmur. Lakin hüquqi olaraq həm ittiham tərəfi, həm də müdafiə tərəfi prosessual razılaşma imzalaya bilərlər. Hələlik cənab Temurla bu məsələ müzakirə olunmur”, – Merab Çikovani deyib.

Temur Abazovun işi ilə bağlı ilkin məhkəmə iclası 13 dekabr tarixində davam edəcək.

Məhkəmə Marneuli sakini Elçin Allahverdiyevə qarşı həyata keçirilmiş alçaldıcı və qeyri-insani rəftar faktına görə saxlanılmış keçmiş mer barəsində 14 iyun tarixində həbs qərarı vermişdi.

Temur Abazova qarşı Gürcüstan Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi və 25, 157.1-ci maddəsinin birinci və ikinci hissələri ilə, bu işlə bağlı ittiham olunan A.Allahverdiyev, A.Süleymanov və E.Quliyevə qarşı isə Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddisinin 1.1-ci hissəsinin “b” bəndi ilə cinayət işi qaldırılıb.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google