İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - siyahı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin edilib.

O, 2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, iqtisadiyyat nazirinin müavini vəzifəsində işləyirdi.

Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin olunub.

O, bu təyinatadək Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri idi.


Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin olunub. O, Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinin üzvü olub.

Bunadək Dövlət Komitəsinin sədri baş nazirin müavini Əli Həsənov olub.

İnam Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri təyin edilib.

O, bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri olub.


Bu nazirlər vəzifəsini itirib

Bu sərəncamla Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov əvvəlki vəzifələrini itiriblər.

Baş nazirin müavini Əli Həsənov da artıq Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri deyil.

Əvvəlki hökumətdə baş nazirin müavinləri olmuş Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasovun adları yeni sərəncamda yoxdur.


Bir sıra nazirlik və dövlət komitələrinə rəhbər təyin edilməyib

Səhiyyə, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri təyin edilməyib.

Həmçinin Dövlət Gömrük Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Diaspor ilə İş üzrə Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə sədr təyinatı olmayıb.


Sərəncama əsasən Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər:

Baş nazirin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov;

Baş nazirin müavini - Əli Cavad oğlu Əhmədov;

Baş nazirin müavini - Əli Şamil oğlu Həsənov;

Baş nazirin müavini - Hacıbala İbrahim oğlu Abutalıbov;

Daxili işlər naziri - Ramil İdris oğlu Usubov;

Energetika naziri - Pərviz Oqtay oğlu Şahbazov;

Ədliyyə naziri - Fikrət Fərrux oğlu Məmmədov;

Əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Rafiq oğlu Babayev;

Fövqəladə hallar naziri - Kəmaləddin Fəttah oğlu Heydərov;

Xarici işlər naziri - Elmar Məhərrəm oğlu Məmmədyarov;

İqtisadiyyat naziri - Şahin Abdulla oğlu Mustafayev;

Kənd təsərrüfatı naziri - İnam İmdad oğlu Kərimov;

Maliyyə naziri - Samir Rauf oğlu Şərifov;

Müdafiə naziri - Zakir Əsgər oğlu Həsənov;

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri - Ramin Namiq oğlu Quluzadə;

Vergilər naziri - Mikayıl Çingiz oğlu Cabbarov;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Samir Rafiq oğlu Nuriyev;

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev;

Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin İsağa oğlu Quliyev;

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Mədət Qəzənfər oğlu Quliyev;

Xarici Kəşfiyyat Xidmətinin rəisi - Orxan Sedyar oğlu Sultanov
Mənbə: bbc.com/azeri
Print Email
FaceBook Twitter Google