Rio-de-Janeyro şəhərində yerləşən, Latın Amerikasında ən böyük
təbiətşünaslıq muzeylərindən biri olan Braziliya Milli Muzeyi
tamamilə yanıb.
Yanğn 2 sentyabr tarixində baş verib və nadir eksponatlar yanaraq
külə dönüb.
Yerli mətbuat vasitəsi
“BNO News”un məlumatına görə, yanğın muzeyin
qapalı olduğu vaxtda baş verib. Yanğın binanın hər üç mərtəbəsinə
də yayılıb və orada yerləşən 20 milyonadək eksponat yanaraq məhv
olub.
CNN-in məlumatına görə, yeddi müxtəlif bölmədən
cəlb olunmuş yanğınsöndürənlər bütün gecə ərzində yanğını
söndürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Ölkə
prezidenti Mişel Temerin məlumatına görə itki o qədər böyükdür ki,
onun hesablanması çox çətindir.
“Milli Muzeyin kolleksiyasının itirilməsi Braziliya
üçün çox ağır itkidir. 200 illik zəhmət, araşdırmalar və toplanmış
biliklər məhv oldu”, - deyə prezident qeyd edib.
Muzey Rio-de-Janeyroda yerləşir. 2 əsr bundan əvvəl burada krallıq
sarayı yerləşib. Muzeydə tez-tez biologiya, antropologiya,
zoologiya və geologiya sərgiləri təşkil olunurdu. Burada Kolumba
qədərki dövrlə bağlı minlərlə eksponatlar, bundan başqa qədim Misir
dövrünün artefaktları, o cümlədən, mumiyalar, sarkofaqlar, abidələr
və daş heykəllər saxlanılırdı.
Yanğından bir neçə ay əvvəl muzey özünün 200 illik yubileyini qeyd
etmişdi.