Meksika hakimiyyətinin qərarı ilə kurort şəhəri Akapulkoda bütün
polislərin səlahiyyəti narkokartellərlə əlaqələrinin olduğu güman
edildiyinə görə dayandırılıb, silahları əllərindən alınıb.
Şəhərə yerli polislərin əvəzinə federal polis və hərbçilər nəzarət
edir. Bundan başqa polis rəhbərlərindən ikisi qətl törətmək itihamı
ilə axtarışdadır. Bu haqda məlumatı BBC yayıb.
Telekanalın məlumatına görə, Akapulko şəhəri bütün dünyada
varlıların kurort bölgəsi kimi məşhur idi. Lakin son zamanlar
narkotik vasitələrin ticarət mərkəzinə çevrilmişdi və qətl
hadisələrinin sayı da artmışdı. Misal üçün keçən il 100 min nəfərə
103 qətl hadisəsi düşürdü ki, bu da hətta Meksika üçün çox yüksək
göstəricidir.
Akapulkonun yerləşdiyi Qereroda cinayətkarlığın səviyyəsi ölkə
miqyasında ən yüksəklərdən biridir. Şəhərin əsas hissəsi
narkokartellərin nəzarəti altındadır ki, burada da heroin açıq
şəkildə istehsal olunur.
Əsas fotoda: Meksikalı polislər heroini məhv edərkən.
Foto: EPA-EFE/David Guzman