Bu ilin üçüncü rübündə Gürcüstana səfər edən azərbaycanlı
turistlərin orta xərcləri 430,6 lari (274 manat) təşkil edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının
araşdırmasında qeyd olunub.
Rüblük müqayisədə azərbaycanlı turistlərin qonşu ölkədəki orta
xərcləri 81,6 lari (52 manat) artıb. Orta xərclərdə artımın qeydə
alınmasına baxmayaraq, Azərbaycandan olan turistlər Gürcüstanda ən
az pul xərcləyən əcnəbilər adını qoruyub saxlayıb.
Araşdırmaya əsasən, hesabat dövründə Gürcüstanda ən çox pul
xərcləyənlər Rusiyadan olan turistlər (1 513,7 lari/962 manat)
olub. Türkiyəli və erməni turistlərin orta xərcləri isə müvafiq
olaraq 654,6 lari (416 manat) və 565,4 lari (359 manat) təşkil
edib.
Gürcüstana bu ilin iyul-sentyabr aylarında səfər edən əcnəbi
ziyarətçilərin xərcləri, ümumilikdə, 3,1 mlrd. lari (1,16 mlrd.
dollar) təşkil edib. Turistlər bir səfər ərzində orta hesabla 1 179
lari (441dollar) xərcləyiblər.
Xərclərin 30,1%-i qida və içkilər, 25,8%-i yerləşmə, 18,8%-i mədəni
və əyləncə xidmətləri, 11,2%-i alış-veriş, 6,7%-i yerli nəqliyyata,
7,3%-i isə digər xidmətlərə sərf olunub.
Bu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana 494,462 nəfər səfər
edib ki, onların da 93,1%-i qonşu ölkəyə təkrar, 6,9%-i isə ilk
dəfə səfər edənlər olub.
Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla
2,8 gün təşkil edib.
Mənbə: report.az