"Bu yolun son stansiyası" pulsuzdur
2018-ci ildə Gürcüstanda fəaliyyətə başlayan “Era Teatrı” “Yeşilay” ilə ortaq layihəsi çərçivəsində yeni tamaşasını izləyicilərinə təqdim edir.
"Bu yolun son stansiyası" adlı tamaşa 24 yanvar saat 18:00-da Tbilisi şəhəri "Aktyorlar Evi" adlı teatr məkanında baş tutacaq. Tamaşanın maliyyə dəstəkçisi TİKA-dır.

Tamaşa ilk olaraq gürcü dilində təqdim olunacaq və tamaşada iştirak etmək sərbəstdir.

Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyoru, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğlu qeyd etdi ki, tamaşaya bilet pulsuzdur və tamaşaçılar arzu etdiyi təqdirdə tamaşada sərbəst şəkildə iştirak edə bilərlər. Anar Rafiqoğlu onu da qeyd etdi ki, xüsusən gəncləri nəzərə alaraq onların tamaşada rahat iştirak etməkləri üçün biletlərin pulsuz olmasını təşkil ediblər. Həmçinin fevral ayından hazırlıqlara başlamaqla tamaşa Azərbaycan dilində Marneuli, Bolnisi və Qardabani rayonlarında nümayiş olunacaq.

"Bu yolun son stansiyası" adlı tamaşa "Yeşilay” Cəmiyyətinin “Gürcüstanda ictimaiyyətin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi, sənət vasitəsi ilə təbliği” layihəsi çərçivəsində hazırlanır. “Yeşilay” layihəsi insanların zərərli vərdişləri siqaret, narkotik, texnologiyalar, alkoqol asılılığı və qumar kimi mövzuları əhatə edir.

Xatırladaq ki, "Bu yolun son stansiyası" tamaşasının əsas mövzusu insanların zərərli vərdişləri və narkomaniya haqqında olacaq. Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.

Tamaşada iştirak edirlər: Rabil İsmayılov, Məndər Sərdarov, Ləman Məmmədova və Sali Omarova.

Print Email
FaceBook Twitter Google