Vətəndaşların bir qrupu Mədəniyyət Evinə Nərimanovun, digər qrupu isə ərazidəki parka Kostavanın adının verilməsini arzulayır
Marneuli Mədəniyyət Evinin qarşısındakı parka Merab Kostavanın adıı verilə bilər. Bu barədə məlumatı bizimlə söhbəti zamanı Marneulili fəal İrakli Kveladze verdi.

Kveladze deyir ki, parka Kostavanın adının verilməsi ilə bağlı o, 11 iyul tarixində etnik gürcü, azərbaycanlı və erməni fəal gənclərlə birgə imza toplayıb və bələdiyyəyə rəsmi məktubla müraciət edib.

“Əvvəllər Merab Kostavanın adı olub və qarışıqlıq olan zaman ictimaiyyət unudub və dəyişib. Mən isə yenidən istədim ki, Merab Kostavanın adı qaytarılsın”, – İrakli Kveladze deyir.

Onun dediyinə görə, təşəbbüsü yalnız Mədəniyyət Evinin ərazisindəki parkla bağlıdır. Vətəndaşların bir hissəsinin Mədəniyyət Evinə Nəriman Nərimanovun adının verilməsi ilə bağlı təşəbbüsünü isə anlaşılmaz adlandırdı.

“Sadəcə Mədəniyyət Evinə niyə Nərimanovun adı verilməli olduğunu heç nə ilə əlaqələndirə bilmirəm. Nərimanov hara, Mədəniyyət Evi hara. Hansısa parka verilsə yenə olar. Lakin bu da məqsədəuyğun olmaz. Əvvəlcə araşdırsınlar Nərimanov kim olub, sonra adın verilməsi üçün mübarizə aparsınlar”, – İrakli Kveladze dedi.

İrakli Kveladze Mədəniyyət Evinin qarşısındakı parkda yerləşən Nərimanovun abidəsi ilə bağlı da danışdı və dedi ki, parkın adı dəyişdirildikdən sonra həmin heykəlin yerinin dəyişdirilməsinə də ehtiyac olacaq.

“Bu parkın rəsmi olaraq Merab Kostava adına olduğu təsdiqləndiyi zaman Nərimanovun heykəlinin orada olmasına ehtiyac olmayacaq. Başqa yerə köçürə bilərlər, onun adına küçəyə və yaxud onun adına park yaradıb ora apara bilərlər”, – İrakli Kveladze deyir.

Marneulili Fuad Qəhrəmanov meriyaya 6 avqust tarixində müraciət edərək Mədəniyyət Evinə Nəriman Nərimanovun adının verilməsini tələb etmişdi. Bunadək isə 13 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində 13 iyul tarixində bu məsələ ilə vətəndaşların imzasının toplanılması ilə bağlı görüş keçirilmişdi. Görüşün təşkilatçılarından biri olan Azər Məmmədov bizimlə söhbəti zamanı bildirdi ki, küçənin, məktəbin, mədəniyyət evinin adının dəyişdirilməsi etnik azərbaycanlıları narahat edir və bu diskriminasiya kimi qəbul olunur.

“Bildiyiniz kimi biz burada yaşayan azərbaycanlılar ən böyük etnik qrupuq. Biz bura haradansa gəlməmişik. Biz daim burada yaşamışıq, buna görə də bizim dəyərlərimiz qorunmalıdır. Bizim bölgədə gürcü yazıçılarının adına çoxlu küçə var və bu bizim üçün heç bir problem təşkil etmir. Ancaq azərbaycanlı yazıçıların adına da küçələrin olmasını istəyirik”, – deyə Azər Məmmədov bildirdi.

Parkın adlandırılması ilə bağlı bu mərhələdə meriyada araşdırma davam edir. Bizimlə söhbəti zamanı Marneuli merinin müavini Laşa Lobjanidze dedi ki, bu mərhələdə sənədləri araşdırırlar. Vətəndaşların imzalarına görə, park əvvəllər də Kostavanın adını daşıyıb. Bu mərhələdə meriyada bununla bağlı sənədləri tapmağa çalışırlar. Bunun əsasında da bu ya təsdiqini tapacaq, ya da yox.

Bələdiyyə Mədəniyyət Evinə Nəriman Nərimanovun adının verilməsi məsələsi ilə bağlı da müzakirələr aparır. Lobjanidzenin dediyinə görə, bu iki məsələ bir-biri ilə əlaqəlidir və yekun qərar qəbul edildikdən sonra əhaliyə də məlumat veriləcək.

Parka Kostavanın, Mədəniyyət Evinə isə Nərimanovun adının verilib-verilməyəcəyi isə hələ ki məlum deyil.
Print Email
FaceBook Twitter Google