İmamquliyevin dediyinə görə onun daxili şəbəkəyə çıxışı yoxdur, Bələdiyyə məclisi aparatı isə onun dediklərini təkzib edir
Təxminən 6 aydır ki, Marneulinin 6-cı çağırış bələdiyyə məclisi fəaliyyət göstərir. Bələdiyyə məclisində cəmi üç partiya – Gürcü arzusu, Avropalı Gürcüstan və Milli Hərəkat təmsil olunur. Avropalı Gürcüstan fraksiyasının sədri və Bələdiyyə məclisinin deputatı Əhməd İmamquliyev iclasların 41%-də iştirak etməyib. Bunun səbəbini ondan soruşduqda Əhməd İmamquliyev cavab verdi ki, Bələdiyyə məclisinin iclasları mənasızdır. Özü nə üçün müzakirə etmək üçün məsələ irəli sürmədiyi barədə sualımıza isə o, belə cavab verdi:

“Bildiyiniz kimi, bələdiyyə məclisi elektron qaydada işləyir, seçkilərdən 6 ay keçməsinə baxmayaraq hələ də təəssüf ki bizim kompüterimiz yoxdur, bir-birimizlə əlaqə qura bilmirik, belə halda işləyə bilmirik. Bizə hər gün deyirlər ki, sizin kompüter bu gün olacaq, sabah olacaq. Buna görə də sənədlər hazırlaya bilmirik ki, bələdiyyə məclisinin sədrinə ünvanlayaq, o isə gündəliyə əlavə etsin” – deyə Əhməd İmamquliyev bildirdi.



Əhməd İmamquliyev onu da bildirdi ki, kompüterləri daxili şəbəkəyə qoşmaq lazımdır ki, deputatlarla və digər strukturların nümayəndələri ilə rəsmi yazışmanı həyata keçirə bilsin.
Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridze bizimlə söhbətində bildirdi ki, Bələdiyyə məclisində kompüterlərin sayı həqiqətən azdır.

“Kompüterlərin sayı ilə bağlı bəli, çətinliklərimiz var. Yeni məclisin tərkibi böyükdür. Bu problem mövcuddur, bildiyim qədər tender olub, kompüterləri gözləyirik. Kompüter alınan kimi, mütləq onların da kompüteri olacaq” – deyə Nino Beridze bildirdi.



Nino Beridze onu da qeyd etdi ki, kompüterlərin az olmasına baxmayaraq, Avropalı Gürcüstan fraksiyasının sədrinin daxili şəbəkəyə qoşulmaq imkanı var. Yeni çağırış bələdiyyə məclisinin fəaliyyətə başladığı gündən İmamquliyev elektron sənədləşməyə qoşulub. O, merə və Təhsil nazirliyinə buy olla məktub yazıb və cavab da alıb. Nino Beridze onu da qeyd etdi ki, Bələdiyyə məclisi aparatında 4 kompüter var və Bələdiyyə məclisinin bütün üzvləri bundan istifadə edə bilərlər. İmamquliyev də arzu edərsə elektron sənəd mübadiləsi üçün proqram onun şəxsi kompüterinə də yüklənə bilər.

Print Email
FaceBook Twitter Google