Təxminən 6 aydır ki, Marneulinin 6-cı çağırış bələdiyyə məclisi
fəaliyyət göstərir. Bələdiyyə məclisində cəmi üç partiya – Gürcü
arzusu, Avropalı Gürcüstan və Milli Hərəkat təmsil olunur.
Avropalı Gürcüstan fraksiyasının sədri və Bələdiyyə məclisinin
deputatı Əhməd İmamquliyev iclasların 41%-də iştirak etməyib. Bunun
səbəbini ondan soruşduqda Əhməd İmamquliyev cavab verdi ki,
Bələdiyyə məclisinin iclasları mənasızdır. Özü nə üçün müzakirə
etmək üçün məsələ irəli sürmədiyi barədə sualımıza isə o, belə
cavab verdi:
“Bildiyiniz kimi, bələdiyyə məclisi elektron qaydada
işləyir, seçkilərdən 6 ay keçməsinə baxmayaraq hələ də təəssüf ki
bizim kompüterimiz yoxdur, bir-birimizlə əlaqə qura bilmirik, belə
halda işləyə bilmirik. Bizə hər gün deyirlər ki, sizin kompüter bu
gün olacaq, sabah olacaq. Buna görə də sənədlər hazırlaya bilmirik
ki, bələdiyyə məclisinin sədrinə ünvanlayaq, o isə gündəliyə əlavə
etsin” – deyə Əhməd İmamquliyev bildirdi.
Əhməd İmamquliyev onu da bildirdi ki, kompüterləri daxili şəbəkəyə
qoşmaq lazımdır ki, deputatlarla və digər strukturların
nümayəndələri ilə rəsmi yazışmanı həyata keçirə bilsin.
Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridze bizimlə
söhbətində bildirdi ki, Bələdiyyə məclisində kompüterlərin sayı
həqiqətən azdır.
“Kompüterlərin sayı ilə bağlı bəli, çətinliklərimiz
var. Yeni məclisin tərkibi böyükdür. Bu problem mövcuddur, bildiyim
qədər tender olub, kompüterləri gözləyirik. Kompüter alınan kimi,
mütləq onların da kompüteri olacaq” – deyə Nino
Beridze bildirdi.
Nino Beridze onu da qeyd etdi ki, kompüterlərin az olmasına
baxmayaraq, Avropalı Gürcüstan fraksiyasının sədrinin daxili
şəbəkəyə qoşulmaq imkanı var. Yeni çağırış bələdiyyə məclisinin
fəaliyyətə başladığı gündən İmamquliyev elektron sənədləşməyə
qoşulub. O, merə və Təhsil nazirliyinə buy olla məktub yazıb və
cavab da alıb. Nino Beridze onu da qeyd etdi ki, Bələdiyyə məclisi
aparatında 4 kompüter var və Bələdiyyə məclisinin bütün üzvləri
bundan istifadə edə bilərlər. İmamquliyev də arzu edərsə elektron
sənəd mübadiləsi üçün proqram onun şəxsi kompüterinə də yüklənə
bilər.