Marneuli şəhər 3 saylı uşaq bağçasında 42 kvt-lıq günəş panelləri
quraşdırılıb.
Marneuli meriyası tərəfindən yayımlanmış məlumata görə, uşaq
bağçasında günəş panelləri Marneuli bələdiyyəsi və Polşanın Qmina
Kobilnitsa şəhəri arasında bağlanmış əməkdaşlıq memorandumu
çərçivəsində quraşdırılıb.
“Günəş elektrik sisteminin yoxlanılması artıq başa
çatıb və stansiya fəaliyyət göstərir.
Günəş elektrik sisteminin quraşdırılması Polşa tərəfinin sifarişi
ilə “PR Global” tərəfindən həyata keçirilib. “PR Global” yenilənən
enerji sektorunda beynəlxalq səviyyəli operatordur”,
– meriyanın məlumatında qeyd olunub.
Günəş panellərinin quraşdırılması layihəsinin dəyəri 26 680 avrodur
və vəsait tamamilə Qmina Kobilnitsa yerli özünüidarəsi tərəfindən
ödənib.
Marneuli yerli özünüidarəsi məlumatda layihənin həyata
keçirilməsinə görə Qmina Kobilnitsaya minnətdarlığını bildirir və
qeyd edir ki, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Bələdiyyə
Məclisinin sədri Amiran Qiorqadze, Marneuli bələdiyyəsi merinin
müavini Temur Şubitidze, Bələdiyyə Məclisinin sədr müavini Riçard
Qiqani, Marneulinin Uşaq Bağçaları Birliyinin rəhbər şəxsləri günəş
panellərinə baxış keçiriblər.