Birləşmiş müxalifət növbədənkənar Parlament seçkiləri tələbi ilə aksiyalara başlayır
Gürcüstan hakimiyyəti seçkiləri oğurladıqdan sonra indi də vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquqlarını məhdudlaşdırdı. Bu barədə keçirdiyi xüsusi brifinqdə Qriqol Vaşadze deyib.

Birləşmiş müxalifətin prezidentliyə keçmiş namizədi qeyd edib ki, onlar növbədənkənar Parlament seçkiləri, komissiyanın tərkibinin yenidən formalaşdırılması və seçkilərin proporsional sistemlə keçirilməsini tələb edirlər.

Vaşadzenin bildirdiyinə görə, sabahdan etibarən bu tələblərlə Parlament binasının qarşısında aksiyalara başlayacaqlar.

“Qaxarianın bəyanatına münasibət bildirmək istəyirəm. Əvvəlcə onu deyim ki, Ğvarelidə yolun açıq olması barədə məlumat tamamilə yalandır. Bizi Velistsixedə dayandırdıqlarında o yolun açıq olduğunu dedilər, bizim nümayiş iştirakçılarının bir hissəsi o yolla getdi və Qremi yaxınlığında dayanmalı olublar, çünki hər yerdə olduğu kimi orada da yol kəsilmişdi. Bu ağ yalandır.

Görünməmiş sayda polis səfərbər olmuşdu, bu hakimiyyət onların mundirini də təhqir etdi, polislər dururdular və ətrafa baxırdılar, “zonder” briqadaları Şota Dalakişvilini ölümcül döydlər. Belə qondarma hakimiyyətin əlindəyik. Bütün metodları Putin Rusiyasından götürüblər. Nə zaman əsəbi halda ucadan demokratiya barədə danışırlar, Putinin suveren demokratiyasını nəzərdə tuturlar. Buradan irəli gələrək, birləşmiş müxalifət bütün irəli sürdüyü tələbləri təsdiq edir. Qəti şəkildə ən qısa zamanda Parlament seçkilərinin keçirilməsini, seçki administrasiyasının başdan-ayağa dəyişdirilməsini, seçkilərin proporsional qaydada keçirilməsini tələb edirik.

Hakimiyyət özünə gəlsin və siyasi proseslərə daxil olsun və siyasi proseslərdə kriminal üsullardan əl çəksin. Seçki qutularına qalaq-qalaq bülleten atan hər kəsin cəzalandırılmasını, Zuqdidi 6 saylı məktəbin direktorunu ölüm həddinə çatdıranların cəzalandırılmasını, dünən dinc sakinlərə hücum edənlərin cəzalandırılmasını tələb edirik. Sabahdan aksiyalara başlayırıq, aksiyalar bir gün də olsa, dayanmayacaq”, – Qriqol Vaşadze bildirib.


Mənbə: Rustavi 2
Print Email
FaceBook Twitter Google