Eka Beselia "Gürcü Arzusu"nu tərk etdi

Parlament əksəriyyətinin üzvü Eka Beselia hakim komandanı tərk edib. O, bununla bağlı bəyanatı bir neçə dəqiqə əvvəl jurnalistlərlə söhbətində verib.


“Bidzina İvanişvili ilə birlikdə təsis etdiyim siyasi komandadan getdiyimi söyləmək çox çətindir. Gürcüstan əhalisinin tam əksəriyyətinin olduğu yerə gedirəm... “Gürcü Arzusu” 2012-ci il 1 oktyabr ideallarından uzaqlaşıb. Bizim dəyərlərimiz müxtəlifdir”, – deyə Eka Beselia bildirib.

Eka Beselia bu barədə qərarı ötən günkü səsvermədən sonra qəbul edib, belə ki, səsvermə zamanı əksəriyyət 9 deputat tərəfindən hazırlanmış hakimlərin müddətsiz təyin edilməsinin dayandırılması ilə bağlı qanun layihəsini dəstəkləməyib.

Deputatlar bu məsələ ilə bağlı bütün gün ərzində plenar iclas formatında müzakirələr aparıblar. Yekunda qanun layihəsini 45 deputat dəstəkləyib, 17 deputat isə əleyhinə səs verib. Qanun layihəsinin qüvvəyə minməsi üçün 76 deputatın dəstəyi lazımdır.

Xatırladırıq ki, irəli sürülmüş təşəbbüsə əsasən, “Ümumi Məhkəmələr Haqqında” üzvi qanuna dəyişikliklər edilməlidir. Bu dəyişiklik şəhər və apelyasiya məhkəmələrində hakimlərin müddətsiz seçilməsini 31 dekabr 2024-cü ilədək dayandırılmasını nəzərdə tutur.

Qanunvericilik təşəbbüsünü Parlamentin 9 üzvü – Eka Beselia, Qedevan Popxadze, Levan Qoqiçaişvili, Otar Çrdileli, Aleksandre Erkvania, Zviad Kvaçantiradze, Koba Narçemaşvili, Davit Çiçinadze və Levan Koberidze imzalayıblar.

 

Print Email
FaceBook Twitter Google