Parlament əksəriyyətinin üzvü Eka Beselia
hakim komandanı tərk edib. O, bununla bağlı bəyanatı bir neçə
dəqiqə əvvəl jurnalistlərlə söhbətində verib.
“Bidzina İvanişvili ilə birlikdə təsis etdiyim siyasi
komandadan getdiyimi söyləmək çox çətindir. Gürcüstan əhalisinin
tam əksəriyyətinin olduğu yerə gedirəm... “Gürcü Arzusu” 2012-ci il
1 oktyabr ideallarından uzaqlaşıb. Bizim dəyərlərimiz
müxtəlifdir”, – deyə Eka Beselia bildirib.
Eka Beselia bu barədə qərarı ötən günkü səsvermədən sonra qəbul
edib, belə ki, səsvermə zamanı əksəriyyət 9 deputat tərəfindən
hazırlanmış hakimlərin müddətsiz təyin edilməsinin dayandırılması
ilə bağlı qanun layihəsini dəstəkləməyib.
Deputatlar bu məsələ ilə bağlı bütün gün ərzində plenar iclas
formatında müzakirələr aparıblar. Yekunda qanun layihəsini 45
deputat dəstəkləyib, 17 deputat isə əleyhinə səs verib. Qanun
layihəsinin qüvvəyə minməsi üçün 76 deputatın dəstəyi lazımdır.
Xatırladırıq ki, irəli sürülmüş təşəbbüsə əsasən, “Ümumi Məhkəmələr
Haqqında” üzvi qanuna dəyişikliklər edilməlidir. Bu dəyişiklik
şəhər və apelyasiya məhkəmələrində hakimlərin müddətsiz seçilməsini
31 dekabr 2024-cü ilədək dayandırılmasını nəzərdə tutur.
Qanunvericilik təşəbbüsünü Parlamentin 9 üzvü – Eka Beselia,
Qedevan Popxadze, Levan Qoqiçaişvili, Otar Çrdileli, Aleksandre
Erkvania, Zviad Kvaçantiradze, Koba Narçemaşvili, Davit Çiçinadze
və Levan Koberidze imzalayıblar.