Təzəkənd məktəbi bu il əsaslı təmir olunduqdan sonra istifadəyə
verildi. İllər ərzində kənd sakinlərinin Əmrah Aslanovun adına
bildikləri məktəb təmirdən sonra Təzəkənd 1 saylı ictimai məktəbi
olaraq adlandığı məlum olub.
Məsələyə aydınlıq gətirmək üçün Təzəkənd 1 saylı ictimai məktəbinin
direktoru Məhəmməd Allahverdiyevlə əlaqə saxladıq. O, bildirdi ki,
kənd məktəbinin nə zaman adının dəyişdirildiyini xatırlamır. Amma
onlar yenidən Təzəkənd məktəbinin Əmrah Aslanovun adının verilməsi
üçün Təhsil Nazirliyinə müraciət edib və nazirlikdən cavab
gözləyirlər.
Marneuli Təhsil Mərkəsinin rəhbəri Kənan Ömərov isə bildirir ki,
məktəblərə verilən xüsusi adlar 2009-cu ildən ləğv edilib.
Ömərov onu da əlavə etdi ki, əgər hər hansı bir məktəb xüsusi adın
verilməsini istəyirsə onda lazım olan sənədləri toplayaraq Təhsil
Nazirliyinə göndərə bilərlər.
Məktəbə ad verməyin mümkün olduğunu Təhsil, Elm, Mədəniyyət və
İdman nazirliyindən də təsdiqləyirlər və deyirlər ki, adın
dəyişdirilməsi nazirin sərəncamına əsasən olur. Məktəb adın
dəyişdirilməsi ilə bağlı olan bütün meyarları qane edirsə müsbət
qərar verəcəklər.