“Rus qanununa yox” – Gürcüstanda işləyən məsləhətçi
müəllimlərin ötən il paylaşdığı bu poster bu il də
aktualdır.
Natia Mania Marneulidə işləyən müəllimdir. O, düşünür ki, bu il
artıq xarici təsir şəffaflığının adı ilə tanınan qanun şəffaflıq
deyil, etiketlərin yapışdırılmasına xidmət göstərir.
“Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi
onsuz da şəffafdır və hər hansı maraqlanan şəxs ya təşkilat, eləcə
də dövlət onların maliyyə mənbəsini tapa bilər. Ona görə də belə
qənaətə gəlirik ki, bu qanunun məqsədi hökumət üçün əlverişsiz olan
təşkilatları “xarici gücün maraqlarını daşıyan təşkilatlar” hesab
etmək, onların imicinə xələl gətirməkdir. Təhsilsiz adamları idarə
etmək asandır. Onsuz da “qrant yeyən” təşkilatların zərərli işləri
haqqında hekayələrə çox adamlar inanır. İndi sadəcə bunların
hamısını rəsmiləşdirmək istəyirlər. Hansısa təşkilat hakimiyyətin
hərəkətinə etiraz edir? Hər yerdə bağıracaqlar ki, təşkilat “xarici
güc maraqlarını daşıyır” və ona görə dövlətlə mübarizə aparır.
Dövlət maliyyəsində olan adamlar və təşkilatları hədələmək asandır,
ancaq dövlətin maliyyəsində olmayanları hədələmək çətindir. Bu
zaman hakimiyyət hansı berketi işə salmalıdır? Elə ad versin ki,
avtoriteti yerlə bir etsin. Bu qanunun zərərli olduğu xarici
siyasətçilərin qiymətləndirməsindən də görünür. Gürcüstanın
düşmənləri onu bəyənir, dostları isə qəbul etmirlər. Mənim yaxın və
uzaq dostlarımdan bu qanunu bəyənənlər ya fanatik, ya da
savadsızdır. Təhsilli və sağlam düşüncəli adamların bunu
bəyəndiyini görməmişəm” – Natia Mania bildirir.
Natia Mania kimi illərdir, Marneulidə gürcü dili müəllimi işləyən
Nona Arevadze-Kotoraşvili “Rus qanununa” qarşıdır.
“Məhkəmənin güclü və müstəqil olmadığı ölkədə damğanın
yapışdırılmasından başqa insanların məsuliyyətə cəlb olunması
təhlükəsi də artır. Bu Rusiyada da baş verdi və məhz ona görə, bu
qanun rus qanunu kimi qəbul olunur. Bu qanunun qüvvədə olduğu
ölkələrdə isə təhlükəsizlik anlayışı ilə artıq hansı
maliyyələşdirmələrin diqqət altına alındığı müəyyən edilib. Bu
düşmən dövlətlərdən əldə olunan maliyyədir və heç bir halda dost
ölkələrə istiqamətlənmir. Bundan əlavə, müstəqil məhkəmə dövlətin
çox istəməsinə baxmayaraq, ədalətsiz şəkildə kiminsə
cəzalandırmayacağının zəmanətidir. Bizim məhkəmə sistemi isə yumşaq
şəkildə desək, azadlıqdan, qərəzsizlikdən uzaqdır”-
Nona Arevadze-Kotoraşvili bildirir.
Marneulidə işləyən müəllim Nariman Melikidze də “Rus qanununa” yox
deyir və “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki,
Gürcüstan Rusiyadan çox acı nümunələr xatırlayır.
“Mən də aksiyada dayanan xalqın yanındayam. Avropanı
ona görə seçirik ki, məndən təcrübəli adamlar və dərin hörmət
bəslədiyim siyasətçilər bu seçimi edir. Mən özüm kommunist dövründə
doğulub, böyümüşəm və bizə qarşı olan rus qaydalarını , yönlərini,
yanaşmalarını, rus ictimaiyyətinin, siyasətinin və bizə qarşı
idarəetməsinin nə olduğunu yaxşı bilirəm. Buradan irəli gələrək,
çox acı şeylər xatırlayıram. Ona görə Avropa bizim gələcəyimiz üçün
çox yaxşı olacaq. Mən kəskin şəkildə “Rus qanununa yox”
deyirəm” – Nariman Melikidze bildirir.
Daha bir Marneulili pedaqoq, Lali Marqiani Gürcüstanın seçiminin
Avropadan keçdiyini təsdiq edir. Gürcü dili müəllimi hesab edir ki,
vətəni xilas etmək üçün rus qanuna yox deməliyik.
"Biz, məsləhətçi müəllimlər, Avropaya qarşı gedən yola
razılaşmamalı və Rusiya qanunlarını rədd etməliyik. Əgər biz
həqiqətən ölkəmizi xilas etmək istəyiriksə, gürcü dilinin
itirilməməsini istəyiriksə, o zaman düzgün yolu seçməliyik.
Tarixdən, lap elə yaxın tarixdən, avqust müharibəsindən çox acı
nümunələrimiz var və biz həqiqətən Rusiyanı istəmirik. Həmişə
qızımı fikirləşirəm, sağ olsa 21 yaşı olacaqdı. O, yəqin ki, mütləq
Avropa yolunu seçən, Rustavelidə mitinq iştirakçıları arasında
dayanardı” – Lali Marqiani bildirir.
Nino Çankvetadze Marneuli məktəblərində 10 ildən artıq dərs keçib.
O, qərbin maliyyəsi ilə məktəblərdə əldə olunan faydaları
xatırlayır. Misal üçün, dövlət dilinin tədrisi və təhsil
infrastrukturuna sərf edilmiş vəsaitlər. O, düşünür ki, bu qanun
dövlətin əlehinədir.
"Tərəfdaşlarımızdan alınan pulla təhsil sahəsində ən
mühüm işlər görüldü. Etnik azlıqların yaşadığı regionlarda
tələbələr və böyüklər dövlət dilini öyrəndilər, media savadlılığı
və insan hüquqları üzrə təlimlər keçirildi, qapalı və inteqrasiya
olunmayan mühit dəyişdi. Bu gün burada insanlar özlərini tamhüquqlu
dövlətin vətəndaşları kimi hiss edirlər və burada tikilən ya təmir
olunan məktəblər, müxtəlif təhsil resursları haqqında heç nə
demirəm. Seçkilərə nəzarət azdır, amma yenə də var. Bütün
vətəndaşların bu imtiyazlardan istifadə etməsi üçün hələ çox işlər
görülməlidir. Bu qanun hökumət əlehinədir, çünki bu yolları
bağlamaqla donorların özləri bizə kömək etməyi dayandıracaq və
özlərinə damğa yapışmayacaq. Bundan əlavə, Medvedev qanunun qəbulun
ilə maraqlıdırsa, Şolz və Mişel bizə xəbərdarlıq edirsə ki, onu
qəbul etməyək, deməli, rus qanunudur, bəs nədir?! Bu qanunda
Gürcüstan və ya Avropaya uyğun heç nə yoxdur və hələ heç kim bunun
əksini sübut etməyib”- Nino Çinkvetadze bildirir.
Hakim komanda bir daha 2023-cü ilin mart ayında kütləvi etirazlar
nəticəsində geri çəkilmiş “Rus qanununu” qəbul etməyi planlaşdırır.
Parlament 17 aprel tarixində qanun layihəsini birinci dinləmədə
qəbul edib və Parlament çoxluğundan “Gürcü Arzusu”-nun 73 deputatı,
“Xalq gücü”-nun 9 üzvü və “Avropalı sosialistlərin” 1 üzvü
dəstəkləyib. Qanun layihəsinin dinlənməsi ilə yanaşı, bütün gün
ərzində Gürcüstan Parlamenti qarşısında etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları ötən il olduğu kimi, indi də “Gürcü
Arzusu”-nun “Rus qanununu” geri çəkməsini tələb edirlər.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.