“Rus qanununu” qəbul edildiyi halda Marneulidə məktəbəqədər təhsil mərkəzlərini təsis edən qadın xarici maraqların daşıyıcısı hesab olunacaq
Olqa Endeladzenin vətəndaş sektorunda 18 illik iş təcrübəsi var. Onun təşkilatı, “Marneuli Demokrat Qadınlar İttifaqı” Marneulidə məktəbəqədər hazırlıq mərkəzləri yaradıb, qadın hüquqları sahəsində işləyirlər, zorakılığa məruz qalmış qadınların təhsil alması və iş tapmasına kömək edirlər, bələdiyyənin səhiyyə, sosial təminat, fiziki imkanları məhdud şəxslər üçün xidmətlərinin inkişaf etdirilməsi və Marneulilər üçün aktual olan digər mövzularda işləyirlər.

“Gürcü Arzusu” tərəfindən “Rus qanununun” qəbul olunması halında Olqa və onun təşkilatı “xarici qüvvələrin maraqlarının daşıyıcısı” hesab olunacaq.

2011-ci ildə Marneulidə heç bir məktəbəqədər hazırlıq mərkəzi mövcud deyildi. Olqa qeyd edir ki, 2011-ci ildə məktəbəqədər təhsil məsələləri aktual deyildi – dövlət səviyyəsində uşaqların məktəbəqədər təhsil almasının təmin edilməsi ilə bağlı qanun yox idi. Yerli özünüidarədə bələdiyyədə bağçaların hansı vəziyyətdə olması ilə bağlı heç kimin məlumatı yox idi.

“O zaman mən özüm ana idim, uşaqlarım var idi və əlbəttə, bu mövzu birbaşa mənə aid idi. Başa düşdüm ki, bu yalnız mənim problemim deyil, hamını narahat edir və ictimai problemdir. Məktəbəqədər yaşda uşaqları olan bütün ailələr narahatdırlar. Biz bu kampaniyaya başlayanda kifayət qədər ciddi proqram hazırladıq. Proqram həm əlçatanlığın artırılmasını, həm də strateji baxışı nəzərdə tuturdu – ona mütəxəssislər, məktəbəqədər təhsil müəssisələri assosiasiyasının nümayəndələri və s. qoşulmuşdular. Problem çoxşaxəli idi – infrastruktur komponenti, məktəbəqədər təhsil müəssisələrinin əlçatanlığı, avadanlıq problemi var idi. Biz çalışdıq və bu sahənin inkişafında bizə kömək edəcək donor proqramlarını buraya gətirdik”.

Olqanın təşkilatı 2011-2015-ci illərdə Marneulidə uşaq bağçalarının və məktəbə hazırlıq müəssisələrinin inkişafı üçün çalışıb. Təşkilat dörd il ərzində Polşa, Estoniya və Yaponiya səfirliklərinin köməyi ilə Marneulinin Kəpənəkçi kəndindəki uşaq bağçasını tamamilə təmir edib və avadanlıqla təchiz edib, Polşa və Yaponiyadan 126 981 min lari, yerli büdcədən isə 22 857 min lari ayrılıb, Ağməmmədli kəndində məktəbəqədər hazırlıq mərkəzi yaradılıb, istifadəyə verilib, Kosalı, Təzəkənd, Qaçağan, Araflı, Candar və Marneuli 6 saylı ictimai məktəblərində məktəbəqədər hazırlıq mərkəzi açılıb.

“Bütün bunlar bələdiyyənin iştirakı və bələdiyyənin birgə maliyyələşməsi ilə həyata keçirilib. Onlar bir çox hallarda bizimlə əməkdaşlığa açıq idilər. Bu günə kimi, səhv etmirəmsə, artıq Marneulidə 16-ya yaxın məktəbəqədər hazırlıq mərkəzi fəaliyyət göstərir, yəni bələdiyyədə bu model tətbiq olunub və indi də fəaliyyət göstərir”.

Olqa Endeladzenin sözlərinə görə, ümumilikdə bir uşaq bağçasının tam bərpası və təchiz edilməsinə, 7 məktəbəqədər hazırlıq mərkəzinin açılmasına 400 min laridən çox vəsait xərclənib – layihələr Gürcüstanın tərəfdaş dövlətləri tərəfindən maliyyələşdirilib.

Olqa hesab edir ki, “Gürcü Arzusu” tərəfindən “xarici təsirin şəffaflığı haqqında” “Rus qanununun” qəbul olunması və təşkilatlara “xarici qüvvə maraqlarını daşıyan” damğasının vurulması cəmiyyətin təşkilatlara inamını azaltmaq və onları nüfuzdan salmaq məqsədi daşıyır. O, Marneuli sakinləri üçün məktəbəqədər hazırlıq mərkəzləri xidmətini yaradırsa, yerli qadınların hüquqlarının müdafiəsi və problemlərinin həlli istiqamətində fəaliyyət göstərirsə, meriyanın sosial, fiziki imkanları məhdud şəxslər, səhiyyə xidmətlərinə nəzarət edirsə, Marneuli əhalisinin üzləşdiyi problemləri avropalı tərəfdaşların dəstəyi ilə həll etməyə çalışırsa, niyə “xarici qüvvə maraqlarının daşıyıcısı” hesab olunacağını başa düşmür.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google