Kvemo Kartli quberniyası tərəfindən yayılmış tanıtım videosunda
bölgənin bütün bələdiyyələri öz əksini tapıb. Lakin Gürcüstanın
azərbaycanlı vətəndaşları özlərini görə bilməyiblər.
1 dəqiqə 38 saniyəlik video quberniyanın rəsmi “Facebook”
səhifəsində “Kvemo Kartli bölgəsi” adı ilə 5 iyul tarixində
yayımlanıb. Videoda Kvemo Kartlinin bütün bölgələri pravoslav
kilsələri, tarixi və arxeoloji abidələri və digər dəyərləri ilə əks
olunub.
Sakinlərin bir qismi yayımlanmış videonu qəbulolunmaz hesab edir,
belə ki, videoda bölgənin etnik rəngarəngliyi əks olunmayıb.
Gürcüstan vətəndaşları olan etnik azərbaycanlılar videoya şərhlər
və paylaşımlarda öz etirazlarını bildirirlər.
“Kvemo Kartli bölgəsi Gürcüstanın ən rəngarəng
bölgəsidir. Bu bölgədə 5-6 etnosun nümayəndələri dinc şəraitdə
yaşayırlar. Lakin videoda elə görünür ki, sanki Kvemo Kartli
monoetnik bölgədir”, - deyə Rəşan Ziyadəliyev
yazıb.
“50%-dən çox etnik azlıq yaşayır, bu video
qeyri-tolerantdır” – Samirə Bayramova.
“Biz deyirik: “Biz Gürcüstan vətəndaşlarıyıq. Biz
türkdilli gürcüstanlılarıq. Biz Gürcüstanın əsgərləriyik. Gürcüstan
bizim vətənimizdir”.
Hakimiyyət deyir: “Siz Azərbaycanın nümayəndələrisiniz.
Sizin prezidentiniz Əliyevdir. Azərbaycan sizin tarixi
torpaqlarınızdır”, - Ravil Məmmədov.
Etnik azərbaycanlıların şərhləri müxtəlif əks-səda doğurdu.
Gürcüstan vətəndaşlarının bir hissəsi əsrlərdir Kvemo Kartli
bölgəsində yaşayan insanları yenə qonaq kimi qəbul eilirlər.
Quberniyanın “Facebook” səhifəsinin administratoru bölgə
hakimiyyətinin səhifəsində yazılmış etnik əlamətlərə görə nifrətə
səbəb ola biləcək şərhləri silməyib, lakin etnik azərbaycanlılara
müraciət edərək bildirib ki, belə video çarxlar gələcəkdə də
hazırlanacaq və daha rəngarəng olacaq.
Kvemo Kartli quberniyasının ictimaiyyətlə əlaqələr xidmətinin
nümayəndəsi Rusudan Qoqoladze bildirdi ki, bu video çarx əslində
bütün regionu əks etdirmirdi.
“Bu video əslində bütün regionu əks etdirmirdi. Buna
görə də ilkin mərhələdə irad olmayıb. Bu sadəcə dronla çəkilmiş
kadrlardan ibarət kiçik bir kollaj idi” – deyə
Rusudan Qoqoladze bildirdi.
Rusudan Qoqoladze onu da bildirdi ki, belə tanıtım videolarının
gələcəkdə də hazırlanması planlaşdırılır və o videolarda bölgənin
rəngarəngliyi tamamilə əks olunacaq.