Dövlət tərəfindən insanların şəxsi həyatı və şəxsi azadlığına
müdaxilənin sərhədləri hara gedir?
Bu gün Marneuli Mülki Məşğulluq Mərkəzində müzakirə olunan
məsələlərdən biri məhz bu idi.
“Gürcüstan Demokratik Təşəbbüsü”nün sədri Qiorqi Mşvenieradzenin
bizimlə söhbəti zamanı bildirdiyinə görə, Gürcüstan kimi müəyyən
demokratik ölkələrdə bu məsələnin müzakirəsi mühümdür.
“Cəmiyyətdə də demokratikləşmə gedir, cəmiyyət daha
açıq olur və təbiidir ki, bir tərəfdən patriarxal və ənənəvi
baxışlar yeni proqressiv ideyalarla təzad təşkil
edir”, - Qiorqi Mşvenieradze deyir.
Mülki azadlıq elə sahədir ki, orada insanların digər şəxslərin
hüquqlarını pozmamaq şərtilə vacib hesab etdikləri kimi hərəkət
etmək hüququ var.
“İstənilən azadlıq üçün sərhəd digərlərinin analoji
azadlığı ilə münaqişədir. Qeyri-demokratik dövlətlər üçün səciyyəvi
olan ümumiləşdirilmiş şəkildə dövlət maraqları, dövlət
təhlükəsizliyi maraqları, cəmiyətin, əksəriyyətin maraqları kimi
qalan sərhədlər demokratik dövlətlər üçün yaddır”, -
Qiorqi Mşvenieradze qeyd edir.
Qiorqi Mşvenieradze deyir ki, Gürcüstan demokratikləşmə yolunu
keçir və bu sahədə Konstitusiya Məhkəməsi mühüm rol oynayır.
Konstitusiya məhkəməsinin qərarları cəmiyyətdə birmənalı
qarşılanmır və demək olar ki, cəmiyyət proqressiv düşüncəli və
dəyişikliklərdən çəkinənlər olmaqla iki qrupa bölünüb.
“İki cür yanaşma mövcuddur. Bir halda insanlar hesab
edirlər ki, hər bir insan özünə cavabdeh deyil, ilk növbədə
cəmiyyətin bir hissəsidir və cəmiyyət qarşısında məsuliyyət
daşıyır. Digər halda isə insanlar hesab edirlər ki, insanlar ilk
növbədə azad varlıqlardır. Onların bədəni, onların düşüncəsi,
onların şəxsiyyəti onlara məxsusdur və sonra isə vahid cəmiyyətin
bir hissəsidirlər. Təbiidir ki, gələcək bu ikinci insanlarındır.
Lakin əksəriyyətin bir nəfərin necə yaşayacağı haqda qərar verməsi
keçmişin bir hissəsidir”, - Qiorqi Mşvenieradze
deyir.
Marneuli Mülki Məşğulluq Mərkəzindəki görüş bu gün, 9 avqust
tarixində keçirildi. Görüşün təşkilatçısı “Şəxsi İnkişaf
Universiteti” idi.
“Şəxsi İnkişaf Universiteti”nin “Fəal Vətəndaşlar Məktəbi” layihəsi
çərçivəsində belə görüşlər artıq bir neçə aydır ki, davam edir.
Layihənin məqsədi Kvemo Kartli bölgəsində yaşayan etnik
Azərbaycanlı gənclərin vətəndaş məsuliyyəti hissinin artırılması və
fəallaşdırılmasıdır.