"Burada (Sadaxlıda) gəlib kimlərsə nəsə etmək istəyirlərsə, buna bizim bu birlik yol verməz ki, kimlərsə gəlsin burada artıq-əksik hərəkət eləsin" - Bələdiyyə Məclisinin üzvü Rövşən İsgəndərov

“Bizim kəndimizə gələn bəzi insanlar, bir az diqqətli olun, burada gəlib kimlərsə nəsə etmək istəyirlərsə, buna bizim bu birlik yol verməz ki, kimlərsə gəlsin burada artıq-əksik hərəkət eləsin”.

Bu bəyanatı Marneuli Bələdiyyə Məclisinin üzvü Rövşən İsgəndərov Sadaxlı gəncləri ilə görüşərkən sosial şəbəkədə canlı yayımda verib.

Facebook canlı yayımında Rövşən İsgəndərov 23 sentyabr tarixində Sadaxlı Gənclər Birliyinin ikinci toplantısının keçirilməsindən söhbət açır. O, Sadaxlıların mərdliyini vurğulayıb və kəndə gələn qonaqları “bir az diqqətli olmağa” çağırıb.

İsgəndərov bizimlə söhbəti zamanı bu bəyanatda Sadaxlılardan başqa heç kəsə toxunulmayıb.

“Mən bunu nəzərdə tutmamışam. İstəyirəm gənclər sağlam həyat tərzi sürsün. İdmanla məşğul olsunlar. Bunu nəzərdə tutub demişəm” – deyə Rövşən İsgəndərov bildirdi.



Rövşən İsgəndərovdan “burada gəlib kimlərsə nəsə etmək istəyirlərsə, buna bizim bu birlik yol verməz ki, kimlərsə gəlsin burada artıq-əksik hərəkət eləsin” kimi bəyanatının nəyi nəzərdə tutduğunu aydınlaşdırmasını istədik. O, bildirdi ki, bu bəyanat kənddə azart oyunların və bu kimi hərəkətlərin aradan qaldırılması məqsədilə edilib.

Rövşən deyir ki, onun facebook səhifəsi vasitəsilə verdiyi bəyanat gənclərin sağlam həyat tərzi və idmana marağının artırılması məqsədilə edilib və “Marneuli” radiosunun jurnalistləri onu düzgün başa düşməyiblər. Lakin sosial şəbəkəyə yüklənmiş videoda Bələdiyyə Məclisinin üzvü idmandan danışmayıb.

Marneuli Bələdiyyə Məclisində İsgəndərovla müsahibəmiz zamanı yerli hökümət orqanının nümayəndələri onun ətrafına toplaşdılar. Marneuli merinin müavini Laşa Lobjanidze dedi ki, jurnalistlər İsgəndərovun “sözlərinin üzərinə gedirik”.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin fikrincə İsgəndərovun bəyanatı sadəcə pis tərcümə olunub.

“O, demək istəyir ki, pis niyyətlə gedənlər olsa gənclər buna yol verməyəcəklər. Bu demək deyil ki, Sadaxlıya heç kimi qoymayacaqlar. Yanaşmadan söhbət gedir. Yəni gənclər pis niyyətli yanaşmanı yaxşı qarşılamır” – deyə Amiran Qiorqadze bildirdi.



Beynəlxalq Şəffaflıq Gürcüstanın nümayəndələri Rövşən İsgəndərovun bəyanatını siyasi adlandırırlar.

Yayılmış videodan Sadaxlı gənclərinin görüşündə yalnız oğlanların iştirak etdiyi görünür.


"Marneuli" Radiosu

 


Print
თეგები: Marneuli xəbərləri