"Gürcü Arzusun"dan incimiş Marneuli sakinləri "Avropalı Gürcüstana" keçiblər


Ötən gün, 14 oktyabr tarixində keçirdiyi mətbuat konfransı zamanı Qiqi Uqulava bildirdi ki, “Gürcü Arzusu”nun üzvləri partiyanı tərk edib və “Avropalı Gürcüstan” partiyasına daxil olublar.

“Avropalı Gürcüstan”ın liderinin dediyinə görə, partiyaya qoşulanlar əvvəllər “Gürcü Arzusu”nun Rustavi, Qardabani, Tsalka və Marneulidəki qərargahında çalışıblar.

“Avropalı Gürcüstan” partiyasının Marneuli qərargahının rəhbəri Əhməd İmamquliyev bizimlə söhbəti zamanı bildirdi ki, “Gürcü Arzusu”nun üzvləri ölkədə yaranmış iqtisadi vəziyyət və partiyanın prezidentliyə namizəd Salome Zurabişvilini dəstəkləməsinə görə partiyanı tərk ediblər.

“Şulaveri inzibati birliyindən, Sadaxlı inzibati birliyindən, Qızıl Hacılı inzibati birliyindən, Algeti inzibati birliyindən burada hamısını saya bilmirəm. Bizim partiyanın artıq üzvləri oldular. Gürcü Arzusunun üzvləri hansılar ki, keçmişdə həmin ərazi bütövlüyündə olan Gürcü Arzusu partiyasından bizim partiyanın daxilindədilər artıq və Gürcü Arzusuna qarşı mübarizə aparırlar”
– dedi Əhməd İmamquliyev.

“Gürcü Arzusu”nu tərk edənlərdən biri Qızılhacılının kənd icra nümayəndəliyinin keçmiş rəhbəri Nurəddin İsmayılovdur. Onun dediyinə görə, partiyadan söz veriblər ki, işlə təmin edəcəklər, lakin vədlərini yerinə yetirməyiblər. Bu isə “Avropalı Gürcüstan”a keçməsinin səbəblərindən biri olub.

“Baxdım hökumətdə çox şərəfsiz işlər gedir. Büdcəni dağıdırlar, varlı kasıba kömək etmir, xəstəyə iynə, dərman verilmir hamısını dayandırıblar. Özləri restoranlarda keyf edirlər. Bu mənə təsir etdi və o partiyanı tərk etdim. 9 nəfəri aldatdılar, bizi işdən azad etdilər qol çəkdirdilər sonra geri qəbul etmədilər. Heç bir xətamız olmadan çıxartdılar”
– dedi Nurəddi İsmayılov.

Rizvan Yusubov Yuxarı Saral kəndindəndir. “Gürcü Arzusu”nu Rizvan Yusubov da tərk edib. Nurəddin İsmayılov kimi onun da partiyanı tərk etməsinin səbəbi işlə bağlı vədlərin yerinə yetirilməməsi olub.

“Gürcü Arzusu partiyasında işləmişəm. Yuxarı Saralda, gəlmişəm komisiyada işləmişəm, mənə deyiblər komisiyada işləyəcəksən. Komisiya günü mənə deyiblər adın yoxdur, komisiyada işləmiyəcən. 3 ay məni aldadıblar ki, sən işləyəcən. Dövlət xadimləri var idi. Heç biri mənə verdikləri vədin düz çıxmadığına görə mən can yandırmışdım 41-ə. Necə məni aldadıblar eləcə də milləti aldadıllar. Biz bu yalana yol verməli deyilik”
– dedi Rizvan Yusubov.

Marneuli majoritar deputatı Tamaz Naveriani “Gürcü Arzusu”nun üzvlərinin “Avropalı Gürcüstan”a keçmələrini təkzib edir.

“Heç kəs tərk etməyib və bizim partiyadan heç kəs keçməyib. Bu növbəti cəfəngiyat və yalandır. Orada yəqin öz nümayəndələrini təqdim ediblər və “Gürcü Arzusu”ndan keçmiş kimi qələmə veriblər. “Avropalı Gürcüstan”a keçənlərin nə adını bilirəm, nə da soyadını” - dedi Tamaz Naveriani.

Xatırladırıq ki, seçkiöncəsi ərəfədə fəalların partiyanı dəyişməsi halı daha əvvəl də qeydə alınıb. 1 oktyabr tarixində “Vahid Milli Hərəkat”ın ofisində brifinq keçirilib. Brifinqdə Daştəpə sakinləri olan partiya üzvləri bildirmişdilər ki, “Avropalı Gürcüstan”ı tərk edib, “Milli Hərəkat”a qoşulublar. Partiyanı tərk edən üzvlər isə “Avropalı Gürcüstan”da onları aldatdıqlarını bildirmişdilər. Onlar həmin günədək “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat”ın eyni partiya olduğunu düşünüblər.

 

"Marneuli" Radiosu

 

Print