"Bir dəqiqə də olsun öləcəyimi düşünməmişəm " - Mariam Boboxianın xərçənglə mübarizə hekayəsi

34 yaşlı Mariam Boboxia dörd il əvvəl süd vəzisində qəribə ağrı hiss edib. Tez zamanda həkimə gedib.

Deyiblər ki, analizin cavablarını gözləməlidir. Dayana bilməyib və exosokopiyasının nəticəsini incələmək üçün internetdə “qurcalanmağa” başlayıb və öyrənib ki, karsenoma xərçəng demək imiş. 10 günə diaqnoz analizlə də təsdiqlənib və Mariam süd vəzisi xərçəngi ilə mübarizəyə başlayıb.

“Başqa heç nə düşünməmişəm. Məsələn, ölərəm. Bir dəqiqə də olsa düşünməmişəm. Dedim ki, mütləq xilas olmalıyam. Hər səhər oyanırdım və öz-özümə deyirdim ki, xilas olmalıyam. Başdan gülməli səslənirdi, sonra bu vərdiş halına düşdü, hiss edirdim ki, yaxşıyam” - Mariam Boboxia deyir.

Mariam müayinələrə çox vaxtı tək gedirmiş. Ailə üzvlərinə öz diaqnozunu müsbət əhval ruhiyyədə çatdırıb. Qərar verib ki, evladının anasız qalmaması üçün hər şey etməlidir.

“Ailə üzvlərim mənim nə böyüklükdə risk qarşısında durduğumu dərk etmədilər. Gizlətmədim ki, xərçəngim var idi. Bunu onlara elə dedim ki, bu gün də başa düşmürlər ki, onda nə qədər risk qarşısında idim. Bu məlumatı çatdırmaq formasının böyük əhəmiyyəti var” - Mariam Boboxia deyir.

Əməliyyat 2016-cı ildə olub və tezliklə o, iş yerinə qayıdıb. Marneuli Tədris Resurs mərkəzində çalışmasına davam edib və Azərbaycan dilli məktəbdə gürcü dilini tədris edib. Hər gün Tbilisidən Marneuliyə gəlirmiş və heç kim inanmırmış ki, bunun fonunda o, ağır mübarizə aparır.

“Heç kim inanmırdı ki, mən drenajla gəzirdim. Don geyinirdim və yan tərəfimdə də drenaj var idi. Bu görsənmirdi. İşə getmək və insanlarla münasibət qurmağı çox istəyirdim və depresiyaya da düşməmişəm. Bunların hamısına sağlam yanaşdım. Mübarizəyə başladım və bu mübarizə bu günə qədər də davam edir və 7 il yenə müalicə olunmalıyam. Özümdə bu xəstəliyi mən məğlub etdim” - Mariam Boboxia deyir.

Mariam maddi çətinlik qarşısında qalmayıb. Pedaqoq sığortası onun bütün xərclərini ödəyib, Tbilisi meriysı isə bu günə qədər medikamentlərini maliyyələşdirir, ancaq Mariam bu mübarizədə əsas “dərman” olaraq əzmkarlığı hesab edir.

“Deyirəm, yaşamağa yenidən başlasam bu xəstəliyi seçərdimmi? Bəli seçərdim. Ona görə ki, mənə çox şey öyrətdi və göstərdi. Pis tərəfdən baxmıram” - Mariam Boboxia deyir.

4 fevral beynəlxalq xərçənglə mübarizə günüdür. Gürcüstanda qadınlarda 5 ən yayılmış xəstəliklər arasında birinci yeri süd vəzisi xərçəngi tutur. Marneuli xəstəxanasında pulsuz onkoloji müayinələr aparılmır.

Tbilisidə yerləşən milli skrininq mərkəzi pulsuzdur. Skrininq proqramı Tbilisidə az da olsa fərqlənir və regionda qeydiyyat olmuş Gürcüstan vətəndaşları üçün süd vəzisi müayinəsini – 40-dan 70 yaşa qədər olan qadınlara mamoloji və mamoqrafiya müayinələrini nəzərdə tutur.

Ehtiyacın təsdiqləndiyi halda həmçinin, süd vəzisi exoskopiyası da pulsuzdur. Süd vəzisi xərçənginin skrininqi iki ildə bir dəfə pulsuz edilir.
Mamoqrafiya süd vəzilərinin rentgenoloji müayinəsini nəzərdə tutur. Müayinənin bu metodu ilə patoloji proseslərin aşkrlanması mümkündür. Erkən aşkarlanma halında isə müalicə olunma 100-dən 98 halda mümkün olur.

Statistik göstəricilərə əsasən Gürcüstanda xərçəng xəstəliyi ildən ilə artır.


"Marneuli" Radiosu

 

Print