Daxili İşlər Nazirliyi Poniçala və Qaracalarda narkotik satışı ilə məşğul olan 7 şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə Polisi Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Baş İdarəsinin əməkdaşları bu ilin 13-16 iyul tarixlərində hakimin qərarı əsasında Tbilisidə, Poniçala qəsəbəsində və Qardabani rayonunun Qaracalar kəndində keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satılması ittihamı ilə 7 şəxsi saxlayıb.

Onlar tərəfindən törədilmiş cinayətlər üçün 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
İstintaq çərçivəsində hüquq mühafizə orqanlarının əməkdaşları müxtəlif zamanlarda verilmiş məhkəmə qərarı əsasında həmin şəxslərdən bir neçə dəfə narkotik vasitələrin alınmasını və bu prosesin video yazısının qeydə alınmasını həyata keçirmişlər.

Saxlanılmış şəxslərin evlərinin axtarışı nəticəsində hüquq mühafizəçiləri 18 bağlama “heroin” narkotik vasitəsi, 2 tapança, ov tüfəngi, içində “heroin” narkotik vasitəsi olan 2 ədəd insulin şprisi, içində “heroin” narkotik vasitəsinin çöküntüsü olan şüşə qab, tərkibində “Buprenorfin” narkotik maddəsi olan “Suboteks” preparatı, 10 010 lari, 26 200 ABŞ dolları və 65 000 Rusiya rublu müsadirə ediblər.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 4-cü hissəsi, 5-ci hissəsinin “b” və 6-cı hissəsinin “a” altbəndi ilə istintaq davam edir. Həmin maddə qrup tərəfindən külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması-satılmasını nəzərdə tutur.
Mənbə: police.ge

Print