Gürcüstanın Böyük Britaniyadakı səfirliyinin binasında avqust
müharibəsinin 10 illiyi ilə bağlı keçirilən sərgiyə əlində
videokamerası olan kənar şəxs soxulub.
Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya
Departamentindən “İnterpresnyus”a bildirdiklərinə görə, həmin şəxs
aqressiv şəkildə davranıb və NATO əleyhinə şüarlar səsləndirib.
“7 avqust 2018-ci il tarixində Gürcüstanın Böyük
Britaniyadakı səfirliyində avqust müharibəsinin 10 illiyinə həsr
olunmuş “Victima” adlı sərgi davam edərkən səfirlik binasına
videokamerası olan kənar şəxs soxulub. O, aqressiv davranış
sərgiləyib, icazəsiz olaraq sərgini qeydə alıb, ucadan NATO
əleyhinə şüarlar səsləndirib və Gürcüstan tərəfini Britaniyalı
auditoriyaya yalan məlumat çatdırmaqda ittiham edib.
Səfirlik tərəfindən diplomatik polis çağırılıb. Polis dərhal hadisə
yerinə gəlib və binaya soxulmuş şəxsi həbs edib.
Hal-hazırda baş vermiş hadisə ilə bağlı istintaq davam edir.
İlkin məlumatlara görə, bu şəxs Rusiyayönümlü siyasi fəaliyyətləri
ilə məşhur olan və Rusiyanın müxtəlif informasiya agentliklərində
materialları dərc olunan Britaniyalı jurnalistdir. Onun hərəkətləri
çox güman ki, təxribat məqsədi daşıyıb. Baş vermiş hadisəyə tam
qiymət verilməsi üçün istintaqın nəticələrini
gözləyirik”, - deyə Nazirliyin Mətbuat və İnformasiya
Departamentindən bildiriblər.