Ötən gün, 14 oktyabr tarixində keçirdiyi mətbuat konfransı zamanı
Qiqi Uqulava bildirdi ki, “Gürcü Arzusu”nun üzvləri partiyanı tərk
edib və “Avropalı Gürcüstan” partiyasına daxil olublar.
“Avropalı Gürcüstan”ın liderinin dediyinə görə, partiyaya
qoşulanlar əvvəllər “Gürcü Arzusu”nun Rustavi, Qardabani, Tsalka və
Marneulidəki qərargahında çalışıblar.
“Avropalı Gürcüstan” partiyasının Marneuli qərargahının rəhbəri
Əhməd İmamquliyev bizimlə söhbəti zamanı bildirdi ki, “Gürcü
Arzusu”nun üzvləri ölkədə yaranmış iqtisadi vəziyyət və partiyanın
prezidentliyə namizəd Salome Zurabişvilini dəstəkləməsinə görə
partiyanı tərk ediblər.
“Şulaveri inzibati birliyindən, Sadaxlı inzibati birliyindən, Qızıl
Hacılı inzibati birliyindən, Algeti inzibati birliyindən burada
hamısını saya bilmirəm. Bizim partiyanın artıq üzvləri oldular.
Gürcü Arzusunun üzvləri hansılar ki, keçmişdə həmin ərazi
bütövlüyündə olan Gürcü Arzusu partiyasından bizim partiyanın
daxilindədilər artıq və Gürcü Arzusuna qarşı mübarizə
aparırlar” – dedi Əhməd İmamquliyev.
“Gürcü Arzusu”nu tərk edənlərdən biri Qızılhacılının kənd icra
nümayəndəliyinin keçmiş rəhbəri Nurəddin İsmayılovdur. Onun
dediyinə görə, partiyadan söz veriblər ki, işlə təmin edəcəklər,
lakin vədlərini yerinə yetirməyiblər. Bu isə “Avropalı Gürcüstan”a
keçməsinin səbəblərindən biri olub.
“Baxdım hökumətdə çox şərəfsiz işlər gedir. Büdcəni dağıdırlar,
varlı kasıba kömək etmir, xəstəyə iynə, dərman verilmir hamısını
dayandırıblar. Özləri restoranlarda keyf edirlər. Bu mənə təsir
etdi və o partiyanı tərk etdim. 9 nəfəri aldatdılar, bizi işdən
azad etdilər qol çəkdirdilər sonra geri qəbul etmədilər. Heç bir
xətamız olmadan çıxartdılar” – dedi Nurəddi
İsmayılov.
Rizvan Yusubov Yuxarı Saral kəndindəndir. “Gürcü Arzusu”nu Rizvan
Yusubov da tərk edib. Nurəddin İsmayılov kimi onun da partiyanı
tərk etməsinin səbəbi işlə bağlı vədlərin yerinə yetirilməməsi
olub.
“Gürcü Arzusu partiyasında işləmişəm. Yuxarı Saralda, gəlmişəm
komisiyada işləmişəm, mənə deyiblər komisiyada işləyəcəksən.
Komisiya günü mənə deyiblər adın yoxdur, komisiyada işləmiyəcən. 3
ay məni aldadıblar ki, sən işləyəcən. Dövlət xadimləri var idi. Heç
biri mənə verdikləri vədin düz çıxmadığına görə mən can
yandırmışdım 41-ə. Necə məni aldadıblar eləcə də milləti
aldadıllar. Biz bu yalana yol verməli deyilik” – dedi
Rizvan Yusubov.
Marneuli majoritar deputatı Tamaz Naveriani “Gürcü Arzusu”nun
üzvlərinin “Avropalı Gürcüstan”a keçmələrini təkzib edir.
“Heç kəs tərk etməyib və bizim partiyadan heç kəs
keçməyib. Bu növbəti cəfəngiyat və yalandır. Orada yəqin öz
nümayəndələrini təqdim ediblər və “Gürcü Arzusu”ndan keçmiş kimi
qələmə veriblər. “Avropalı Gürcüstan”a keçənlərin nə adını bilirəm,
nə da soyadını” - dedi Tamaz Naveriani.
Xatırladırıq ki, seçkiöncəsi ərəfədə fəalların partiyanı dəyişməsi
halı daha əvvəl də qeydə alınıb. 1 oktyabr tarixində “Vahid Milli
Hərəkat”ın ofisində brifinq keçirilib. Brifinqdə Daştəpə sakinləri
olan partiya üzvləri bildirmişdilər ki, “Avropalı Gürcüstan”ı tərk
edib, “Milli Hərəkat”a qoşulublar. Partiyanı tərk edən üzvlər isə
“Avropalı Gürcüstan”da onları aldatdıqlarını bildirmişdilər. Onlar
həmin günədək “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat”ın eyni
partiya olduğunu düşünüblər.