Gürcüstanda fəaliyyət göstərən faşist ideologiyalı təşkilatın
lideri Qiorqi Çelidzeni məhkəmədə 15-dək vəkil müdafiə edir.
Çelidzenin ilkin məhkəməsi bu gün keçirilir.
Vəkillər prosesin onların hamısının yerləşə biləcəyi daha böyük
zalda keçirilməsini tələb ediblər. Məhkəmə bütün vəkillərə söz
verməyi planlaşdırır.
Yenilənib – Məhkəmə vəkillərin tələbini yerinə yetirib və prosesi
daha böyük zala keçirib.
“Gürcüstan hüquq tarixində kimisə bu qədər vəkilin müdafiə etdiyi
olmayıb. Əgər lazım gələrsə, Vəkillər Assosiasiyasına, həmkarlar
ittifaqına zəng vuracağam və daha çox vəkil gətirəcəyik. Çünki
Qiorqi Çelidzenin həbs olunması ilə Gürcüstanın milliliyi təhlükə
altına düşür”, - deyə vəkil Qoça Tğeşelaşvili bildirib və əlavə
edib ki, bu qədər vəkil məhkəməyə “Saakaşvilini müdafiə etmək üçün
belə gəlməz”.
Məhkəmə başlayanadək Çelidzenin tərəfdarları aksiya da
keçiriblər.
Polis Çelidzeni Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinə
əsasən saxlayıb. Həmin maddə silahın qanunsuz olaraq əldə
edilməsi-saxlanılması-gəzdirilməsini nəzərdə tutur. Onun barəsində
ilkin həbs qətimkan tədbiri seçilib. Çelidze ittihamı qəbul etmir
və qanunsuz olaraq həbs olunduğunu düşünür.
Qeyd – Məhkəmə iclası başlayanadək vəkillərdən biri
bildirdi ki, Çelidzeni 15-dən artıq vəkil müdafiə edəcək. Lakin
məhkəmə zamanı aydın oldu ki, yalnız 12 vəkilin müvafiq səlahiyyəti
var, onlara daha sonra bir vəkil də qoşuldu. Buna görə də məqalənin
başlığı dəyişdirilib.