Meriyanın Facebook səhifəsindən vətəndaşın şərhi niyə "yoxa çıxdı"
Marneuli bələdiyyəsinin rəsmi “Facebook” səhifəsindən vətəndaşın yazdığı şərh silinib. Həmin şərhdə “Kürtlər kəndi” səhifəsinin administratoru, “Marneuli” radiosunun jurnalisti meriyanın "Facebook" səhifəsində yerləşdirdiyi məlumata etiraz edirdi. Həmin məlumat “Vətəndaş büdcəsi” layihəsi çərçivəsində Qırmızıkənddə yolun bərpası ilə bağlı idi.

2018-ci il “Vətəndaş büdcəsi” layihəsi çərçivəsində radionun jurnalisti Amil Məmmədovun layihəsi də maliyyələşdirilmişdi. Layihə Kürtlər kəndində daxili yolun bərpası ilə bağlı idi. Lakin yol bu günədək təmir olunmayıb. Jurnalist şərh yazaraq səsini bir daha meriyaya çatdırmaq istəyib, lakin onun yazdığı şərhi səhifədə tapmaq mümkün deyil.

Marneuli meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze bizimlə söhbəti zamanı bildirdi ki, meriyanın "Facebook" səhifəsinin administratoru o, özüdür və səhifədə heç bir şərh yazılmayıb. O, bizi böhtan atmaqda ittiham etdi.

“Ümumiyyətlə heç bir şərh görünmür, heç bir şərh yazılmayıb və bağışlayın, bəlkə bunu onun özü eləyib. Mənim üçün də sizin belə böhtan bəyanatınız təhqiredicidir. Mən də təxribat yaratmaq üçün şərhi özünün yazıb daha sonra da özünün silməsindən şübhələnirəm” – deyə Mariam Xaçidze bildirib.

Xaçidze onu da deyib ki, şərhlərin silinməsi texniki problemlə də bağlı ola bilər.

Xaçidze ilə müsahibədən iyirmi dəqiqə sonra İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri özü bizimlə əlaqə saxladı və dedi ki, "Facebook" səhifəsini android əməliyyat sistemi olan telefonla açdıqda o, şərhi görüb. Bunun ekran görüntüsünü isə çəkib bizə göndərdi.



Marneuli meriyasının rəsmi "Facebook" səhifəsinə mobil telefondan daxil olduqda 4 şərh yazıldığı qeyd olunub, lakin şərhlərə daxil olduqda isə heç bir şey görünmür.

"Marneuli" Radiosu

Print