Abazovun dəmir barmaqlıqlardan kənarda ilk məhkəmə iclası

Bu gün, 18 dekabr tarixində Rustavi şəhər məhkəməsində Marneulinin keçmiş meri Temur Abazovun işi ilə bağlı şahidlərin dindirilməsi tamamlandı.


Abazovun vəkili Qaqi Mosiaşvilinin “Marneuli” radisouna verdiyi məlumata görə, bu gün Kvemo Kartli prokurorluğunun müstəntiqləri dindirilib. Onlar istintaq prosesi zamanı əldə olunmuş dəlillər barədə danışıblar.

Mosiaşvili deyir ki, bugünkü məhkəmə prosesi əvvəlkilərdən çox da fərqlənmirdi. Belə ki, ittiham tərəfi yenə də Abazovun günahını sübuta yetirəcək real dəlillər təqdim edə bilməyib və iş yalnız maraqlı tərəfin ifadəsinə əsaslanır.

Prosesdə Marneulinin keçmiş meri Temur Abazov da iştirak edirdi. O, proses başa çatdıqdan sonra mətbuat nümayəndələrinə açıqlama verib.

“Mən elə başdan da deyirdim ki, günahsızam, qurbanam, ilk növbədə mənim ailəm qurbandır. Hakimin düzgün qərar qəbul edəcəyini və mənə bəraət verəcəyini gözləyirəm. Prosessual anlaşma baş tutdu, girov tətbiq olundu. Görürsünüz ki, biz proseslərdə adi qaydada iştirak edirik, məhkəmə prosesinə mane olmuruq”, – məhkəmə iclası tamamlandıqdan sonra Temur Abazov deyib.

Prokurorluq Temur Abazovu 13 iyun tarixində saxlamışdı, o, Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarda ittiham olunur. Məhkəmə Temur Abazovu girov qarşılığında azadlığa buraxıb.

“Marneuli” radiosu

Foto: tv4.ge

 

Print