Marneulilərin "Sevgililər günü" ilə bağlı fikirləri
Bu gün, 14 fevral dünya “Valentines day” – sevgililər günüdür. Bu günün tarixi ta qədim zamanlara dayanır.

Qədim zamanlarda Romalılar üçün əhəmiyyətli olan bu gündə romalı gənclər bir araya gələrək əylənər, şənlik edərdilər.

Fevral ayının 15-i isə Luperkalia Bayramı başlayırdı ki, bu bayramın qeyd edilməsi Roma imperatoru tərəfindən qadağan edilmişdi.

Luperkalia bayramının imperator tərəfindən qadağan olmasına baxmayaraq Romada rahib olan Valentin qızlarla oğlanlara gizlin şəkildə görüşmə imkanları yaradırmış.

Gənclərin müvəqqəti görüşməsini xristianlıq qaydaları ilə qanuniləşdirən Valentinin etdikləri imperatorun qəzəbinə səbəb olur. Beləlilklə Roma imperatoru onun hərəkətlərindən xəbər tutaraq Valentini zindana atdırıb döydürərək, təhqiramiz şəkildə öldürtdürür. Valentin 14 fevral tarixində xristian məzarlığında dəfn edilir.

Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə məktublar göndərməsidir. Bu tarixə dayanaraq 14 fevral “Valentines day” sevgililər günü olaraq qeyd edilməkdədir.

Bəs 14 fevralı Marneulili gənclər hansı dərəcədə və necə qeyd edirlər. Bu gün marneulili gənclərdən aldığımız müsahibədə onların “Sevgililər günü” ilə bağlı düşüncələri ilə tanış olduq.

Marneulili gənclərin əksəriyyəti bu günü xüsusi gün olaraq qeyd edirlər. Sevgilisi və ya nişanlısı olanlar bir-birinə müxtəlif hədiyyələr alırlar.

14 fevralı sevgilisi ilə birlikdə kafedə qeyd edənlər də az deyil. Bu günü tək sevgililər və nişanlılar deyil eyni zamanda evli cütlüklər də qeyd edirlər. Onların arasında yoldaşlarına aksessuar və ya gül alanlar da var.

Sevginin günü olmaz deyib sevgililər gününü xüsusi şəkildə qeyd etməyənlərə də rast gəlmək olurdu. Onlar sevib-sevilməyin tarixi olmaz və istədiyin vaxt sevildiyini bayram olaraq qeyd etmək olar deyə düşünürlər.

Print