80 yaşlı İsmixan 50 yaşlı övladına pasport almaq üçün məhkəməyə müraciət etməli olacaq
Bu gün, 13 aprel tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində Azərbaycan Respublikasının "Əlillərin beynəlxalq əməkdaşlığı üçün" ittifaqının Gürcüstan filialı görüş keçirdi. Görüşdə iştirak etmək üçün Marneulinin müxtəlif kəndlərindən məhdud fiziki imkanlı statusu olan şəxslər və ya ailə üzvləri gəlmişdilər.

Ancaq məlum oldu ki, təşkilat iştirakçıları problemi müzakirə etmək üçün dəvət etməyib ingilis dərsi keçmək üçün dəvət edib. Görüşə gələnlər tərəfindən narazılıq və etiraz  yarandı. Görüş pozuldu və ingilis dərsi baş tutmadı.

Qaçağan sakini 80 yaşlı İsmixan Əmircanov 50 yaşlı qızı ilə birgə sağlamlıq, iqtisadi çətinlik və digər problemlərə baxmayaraq kənddən görüşə gəlib. Qızı serebral iflicdən əziyyət çəkir.

“Moskva şəhərinə apardıq. Orada həkimlər yığıldı. Dövlətə verilməlidir, dövlət özü qərar verəcək. Bizə nə qədər dedilər biz vermədik. Onlar bildirdilər ki, Krımda Yevpotoriya var. Müalicəxana bu xəstələr üçün oraya apardıq. 10, 15 ildə onun buna tək xeyiri o oldu ki, yataq xəstəsi olmadı. Biz hərəmiz bir tərəfindən tutaraq kömək edirik, ayaq yolu problemi və qalxıb oturanda anası ilə mən çəkirəm əziyyətini, çox çətindir” - deyə bildirdi İsmixan Əmircanov.

İsimxan danışır ki, qızının köhnə pasportunun müddəti keçdiyinə görə artıq iki ildir ki, hər altı aydan bir ona Ədliyyə evindən yeni pasport almalı olurlar. Hər altı aydan bir  onlar kənddən Marneuliyə gəlməli, biznesin, rəsmi pasportun dəyərini ödəməli olurlar. Onların ailə gəliri isə həyat yoldaşının təqaüdü və 180 larilik sosial yardımdır. Ədliyyə Evindən isə deyirlər ki, əlil şəxslər üçün daimi pasportu yalnız məhkəmə yolu ilə əldə edə bilərlər.

“İndi bunların qanununa görə bu uşaq 6 aydan bir qol çəkməlidir. Amma çəkə bilmir 1-ci qrup əlildir. Gərək biz məhkəməyə gedək, məhkəmə isə Bolnisidədir. Marneulidə deyil. Bu bizim üçün çətindir, ora 2, 3 dəfə getmək lazımdır. Təqaüdlə dolanırıq.  Gedə bilmirik,  yaşlı adamlarıq, xəstəyik hər ay  iynə, dərman alırıq dolana bilmirik. Məhkəməyə getməliyik və komisiy gələsidir, məhkəmə yoxlamalıdır və onlar yoxlamalıdır qərar çıxarmalıdır ki, qızın atası və ya anası qızın əvəzinə qol çəkə bilər. Problem budur” - deyə bildirdi İsmixan Əmircanov.

Əmircanov deyir ki, kömək üçün heç vaxt heç kimə müraciət etməyib. Kənddən Marneuliyə gəlmək maddi xərclərə bağldır. Hər aylıq gəlir isə bahalı dərmanlara gedir və buna pasportun xərci də əlavə olunur. O, maraqlanır ki, belə hallarda kömək göstərəcək dövlət sistemi var ya  yox.

"İnsan hüquqları üçün əməkdaşlıq" təşkilatının nümayəndəsinin dediyinə görə, Əmircanovlar ailəsinə Marneulidə pulsuz hüquqi yardım xidməti məhkəməyə sənədlərin hazırlanması üçün kömək edəcək ki, İsmixanın qızına dəstəkçi şəxs təyin etsinlər və beləcə onun köməyi ilə başqa dövlət orqanları və özəl subyektlərlər əlaqə qurmaq mümkün olacaq. Amma İsmixanın dediyinə görə, onun məhkəmədə dava açmaq üçün maddi imkanı yoxdur.

"Marneuli" Radiosu
Print