Marneuli dənli bitki sahələrinə görə yanğın təhlükəsi olan ərazi hesab edilir

Marneuli dənli bitkilərə görə yanğın təhlükəsi olan bölgə hesab olunur. Məhz yay dövrünün yanğın təhlükəsinin çox olduğu mövsüm olması ilə əlaqədar olaraq Fövqəladə Halların İdarəolunması Xidmətinin Marneuli Yanğınsöndürmə-Xilasetmə Xidmətinin nümayəndələri meriyada görüş keçirdilər.


“Marneuli” radiosu ilə söhbəti zamanı Kvemo Kartli Fövqəladə Halların İdarəolunması Xidmətinin direktor müavini Davit Qelaşvili qeyd etdi ki, yayda temperaturun yüksəlməsi ilə əlaqədar olaraq yanğın riski də artır və Marneuli də bu baxımdan təhlükəli zona hesab olunur. Marneuli bələdiyyəsində dənli bitkilər çox olduğuna görə, yanğın təhlükəsi də yüksəkdir.

“Marneuli və Qardabani onunla seçilirlər ki, burada dənli bitkilər var. Burada artıq çətin istiqamət var. Dənli bitkilərin yığılması prosesinin təhlükəsiz həyata keçirilməsi tələbatı yaranıb” – deyə Davit Qelaşvili bildirdi.



Qelaşvili deyir ki, görüşdə fermerlərə yanğın baş verməsi halında tez söndürülməsi üçün sahələrin necə təhlükəsiz bölünməsi barədə məlumat veriblər.

“İlkin yanğınsöndürmə vasitələri və ayırıcı zolaq çəkmək üçün traktor adlanan kənd təsərrüfatı texnikaları taxıl biçilən zaman orada hazır durmalıdır. Yanğınsöndürən vasitələr kombaynda da olmalıdır, çünki ola bilər ki kombayn özü yanğın mənbəyi olsun. Texnikanın yanğınsöndürmə ləvazimatları baxımından yaxşı vəziyyətdə olması tələb olunur” – deyə Davit Qelaşvili bildirdi.



İsa İsayev fermerdir. O, da meriyada keçirilmiş görüşdə iştirak edib. Deyir ki, məhsulu artıq yığıb. Özünün taxıl yığımı üçün texnikası yoxdur, buna görə də biçdirməli olur. Onlara görüşdə texnikaların yanğın əleyhinə ləvazimatlarla təchiz edilməli olduğunu deyiblər.

Qelaşvilinin dediyinə görə, məhsul yığımı üçün lazım olan texnikada yanğınsöndürən ləvazimat olmalıdır. Çünki maşın özü də yanğına səbəb ola bilər.

O, deyir ki, bəzi hallarda torpaq sahələri yaşayış məntəqələrinə yaxın ərazidə yerləşir. Belə hallarda sakinlər də məlumatlı olmalı və müvafiq ölçü götürməyi də bilməlidirlər.

Marneuli meriyasında 6 iyul tarixində yay mövsümündə yanğın təhlükəsi ilə bağlı işgüzar görüş keçirilib. Bu haqda məlumat Marneuli bələdiyyəsinin rəsmi veb-səhifəsində paylaşılıb. Məlumatdan aydın olur ki, Fövqəladə Halların İdarəolunması Xidmətinin əməkdaşları görüş iştirakçılarına yay mövsümündə yanğın təhlükəsi ilə bağlı mütləq nəzərə alınmalı olan tövsiyələr və məhsul yığımında iştirak edən şəxslər üçün hazırlanmış yanğın əleyhinə təlimatla tanış ediblər.

Yayımlanmış məlumatda təlimatların nədən ibarət olduğu, hansı tövsiyələrin verildiyi haqda heç nə yazılmayıb. Məlumat almaq üçün Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze ilə əlaqə saxladıq. Onun dediyinə görə, görüşün keçirilməsi üçün sadəcə otaq ayırıblar və görüş haqda ətraflı məlumat almaq üçün görüşün təşkilatçıları ilə əlaqə saxlamağımızı tövsiyə etdi.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები